Göyçənin 1905-ci ildə yandırılan kəndi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Güney kəndi haqqında xüsusi veriliş hazırlanıb.
Rakus.az xəbər verir ki, “Bu kəndə görə Rus-İran müharibəsi başladı” adlıveriliş Göyçə mahalının Güney kəndinə həsr olunub.
Araşdırmaçı Lütfiyar Nəsibov deyir ki, kəndin ilkin adı Sədənağac olub:
“İlk dəfə olaraq Sədənağac sözü İvan Şopenin məlum əsərində qeyd olunub. 1935-ci ildə kəndin adını dəyişərək Güney ediblər”.
Alim Əfqan Vəliyevin sözlərinə görə, kənd 1905-1907-ci illərdə yandırılıb:
“Əhalisinin bir qismi qəddarcasına qətlə yetirilib. Qalanları isə bir müddət Kəlbəcər və Gədəbəy ərazilərinə köçüblər, daha sonra kəndə qayıdıblar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş dekabrın 2-də Baku Tv-də və Youtube kanalında yayımlanıb.