Gülnarə Rəhimovanın təzyiqə məruz qalması əsassızdır – BŞBPİ
“Gülnarə Rəhimovanın Nizami Rayon Polis İdarəsində təzyiqə məruz qalması ilə bağlı iddiaları əsassızdır, həqiqəti əks etdirmir”.
Rakus.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev KİV-in sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, G.Rəhimova barəsində olan şikayətlə əlaqədar polis idarəsinə dəvət olunaraq izahatı alınıb.
E.Hacıyev vurğulayıb ki, polis orqanına hansı səbəbdən dəvət olunması ilə bağlı G.Rəhimova tam məlumatlıdır:
“Onun iddiaları araşdırmanın istiqamətini dəyişdirmək üçün ictimai diqqəti üzərinə yönəltmə cəhdləridir. G.Rəhimovanın barəsində toplanılan materiallar rayon prokurorluğuna göndərilib”.
Xatırladaq ki, sosial şəbəkələrdə ictimai fəal G.Rəhimova Nizami Rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə məlumat yayıb.