Gürcüstan XİN kütləvi istefalara münasibət bildirdi
Gürcüstanın Xarici İşlər Nazirliyi bu ölkənin xarici ölkələrdəki səfirlərinin Gürcüstanda baş verən hadisələrə etiraz əlaməti olaraq kütləvi şəkildə istefa verməsi xəbərinə münasibət bildirib.
Rakus.az xəbər verir ki, qurum bununla bağlı sosial şəbəkələrdə yayılan xəbərlərin dezinformasiya olduğunu və reallığa söykənmədiyini bəyan edib.
“Sosial şəbəkələrdə Gürcüstanın xaricdəki səfərlərinin öz vəzifələrini tərk etmələri haqqında xəbərlər paylaşılır. Xarici İşlər Nazirliyi bəyan edir ki, bu, dezinformasiyadır”, – deyə qurumun bəyanatında bildirilib.
Xatırladaq ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.