Həmvətənimiz qalib oldu
Həmvətənimiz Emin Mirişli Ümumrusiya peşəkarlar arasında “Pravovaya Rossiya” müsabiqəsinin qalibi olub.
Rakus.az xəbər verir ki, A.V.Şusev adına Dövlət Elmi-Tədqiqat Memarlıq Muzeyinin müqavilə üzrə müdiri və hüquqşünası Emin Mirişli XIV Ümumrusiya peşəkarlar arasında müsabiqənin “Dövlət sektoru təşkilatının hüquqşünası” nominasiyasında qaliblər sırasına daxil olub.
XIV Ümumrusiya peşəkarlar arasında “Pravovaya Rossiya” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi “QARANT” Rusiya hüquqi informasiya assosiasiyasının təşkilatçılığı və RF Hakimlər Şurasının dəstəyi ilə Moskvada, İnformasiya Texnologiyaları Mərkəzində keçirilib.
Bu il müsabiqədə iştirak üçün 13 min nəfərdən çox hüquq və ya iqtisadi sahədə ali təhsilə malik mütəxəssis, hüquq və iqtisadiyyat fakültələrinin tələbələri, jurnalistlər müraciət ediblər. Onlardan müsabiqənin əsas turuna 1335 mütəxəssis keçib, yalnız 33 nəfəri – 11 nominasiyada birinci, ikinci və üçüncü yerləri tutanlar təltifolunma mərasiminə dəvət edilib.
E.Mirişli Bakıda doğulub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika, hüquq və fəlsəfə fakültələrini bitirib.