“Honda” ilk elektromobilini təqdim etdi
Yaponiyanın “Honda Motor” şirkəti bütün dünyada ekoloji normaların kəskinləşdiyi bir vaxtda daxili bazar üçün özünün ilk elektromobilini təqdim edib.
Rakus.az xəbər verir ki, yeni avtomobildən işə getmək və bazarlıq üçün istifadə etmək olar. Avtomobilin elektrik enerjisi doldurmadan təqribən 300 kilometr məsafə qət etdiyi bildirilir.
Sürücülərin avtomobili smartfon vasitəsilə açmasının və işə salmasının mümkün olduğu qeyd edilir. Bununla yanaşı, onun “sərbəst əllər” yüksək texnologiyalı dayanacaq sistemi ilə təchiz edildiyi də deyilir.
Oktyabrın sonlarından başlayaraq alıcılara təqdim ediləcək avtomobilin qiymətinin 4,5 milyon yen (təqribən 43 min dollar) civarında olacağı qeyd edilir. “Honda Motor” şirkəti hər il təqribən 1000 avtomobil satmağı nəzərdə tutur.
Əlavə olaraq qeyd edək ki, Yaponiyanın “Toyota”, “Nissan” və “Mazda” kimi tanınmış avtomobil istehsalçısı olan şirkətləri də cari ildə yeni elektromobillərin istehsalını planlaşdırırlar.