Hümbət Hüseynov: “Şəffaflıq baxımından bildirişlərinin elektron qaydada verilməsi zəruridir”

“Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması və tədiyə bildirişlərinin həm də elektron qaydada vergi ödəyicilərinə təqdim edilməsi məsələsinin qanuna əlavə edilməsi bələdiyyələrdə şəffaflığın tam təmin edilməsinə öz töhfəsini verəcək”.
Rakus.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında keçirilən iclasında Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib.
O xatırladıb ki, tədiyə bildirişlərinin elektron qaydada vergi ödəyicilərinə təqdim edilməsi əsasən şəffaflığın və ölkə başçısının daim tələb etdiyi vətəndaş məmnunlunğunun təmin edilməsinə söykənən bir addımdır: “Odur ki, hər bir bələdiyyə qanunun yaradacağı bu imkandan yararlanmaqla, həm də büdcə gəlirlərinin həcmini artırmağa nail olmalıdır. Düzəlişlərin birində qeyd edilir ki, bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş həcmdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir”.
Sədr təklif edib ki, bu xərclər dövlətin bələdiyyələrə ayırdığı dotasiya hesabına ödənsə daha məqbul sayıla bilər: “Düşünmək olar ki, düzəlişə bu əlavənin edilməsi daha məqsədəuyğundur”.
Belediyye.info