Qısa müddətdə yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi olan 8103 qısa nömrəsinə ayrı-ayrı vətəndaşlar tərəfindən bəzi hallarda lüzumsuz SMS-lər göndərilir. Bu halların qarşısının alınması üçün daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Rakus.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş sonuncu müraciətdə mobil operatorlardan birinin abunəçisinin 8103 nömrəsinə icazə almaq üçün 90-a yaxın SMS göndərdiyi barədə məlumat verilib.
Həmin abonentin şəxsiyyəti dəqiqləşdirilən zaman onun Nərimanov rayonunda müvəqqəti məskunlaşan Ağdam sakini İlham Bəhramov olduğu müəyyən edilib.
Həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İ.Bəhramov ifadəsində 8103 xidmətinə ona məxsus mobil telefondan xəbəri olmadan azyaşlı oğlu – beşinci sinif şagirdi U.Bəhramlı tərəfindən SMS-lər göndərildiyini bildirib.
Məsuliyyətsiz davrandığına və xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Nərimanov RPİ 18-ci Polis Şöbəsində İlham Bəhramov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb və o, cərimə edilib.