İctimai nəqliyyatda sahibkar yarıtmazlığının görünməyən tərəfi - FOTO
Qapının arxasından sərxoş, yad kişi səsi: “Zəng et, Sənan Səlimova de ki, məni işə geri götürsün”
Gecə saatlarında qapının həyəcanla, bərk döyülməsinə yerimdən dik atıldım. Həyətə çıxıb “Kimdir?”- deyə soruşduğumda səsə yan qonşumuz da mənimlə bərabər çıxmışdı. Uzaqdan, xırıltılı, aydın olmayan səslə “Sən jurnalist qızsan?” sualını eşitdim. Dünəndən sonra yenə də anidən bu sualla qarşılaşmağım heç xoş əlamət deyildi. “Sən filankəsin qızısan?” sualı isə səsə evdən çıxanların narahatlığını daha da artırdı. Səsini daha yaxşı eşidib məqsədini bilmək üçün bir az daha irəli durdum. Məlum oldu ki, dünən axşamüstü qarşıma keçib nəzakət maskası altında məni sorğu-suala çəkən Sənan Səlimovun 204 nömrəli marşrut xəttində işləyən keçmiş sürücülərindəndir.
Sənan Səlimov saytda gedən xəbərə görə onu işdən azad edib. Həmin xəbərin müəllifi mən olmasam da, jurnalist olaraq məni nişan verib. Bir tikə çörəyindən məhrum olan sürücü də gecənin bu saatında ürəyinin yanğısını soyutmaq üçün mənim qapıma gəlib. Deyir, nömrəsi məndə var, verim Sənan Səlimova zəng et, de ki, məni işə geri götürsün. Açığı, bu çox miskin, ürəkağrıdan mənzərə idi. Elə bunu biləndən sonra biixtiyar qollarım gücsüzləşdi. Bir tikə çörək üçün bu həyatda mübarizə aparan insana əsəbiləşməyin yersiz olduğunu düşündüm. Düzdür, mübarizəsində naqislik var, amma acı həyat reallığı ilə üz-üzə dayanmışdım. Bəlkə də bu axşam onu əlidolu gözləyən ailəsinə əliboş, üzüqara getmək cəsarətini özündə tapmayıb. Evdəkilər isə ümidlə işinin bitməyini və evə gələcəyini gözləyirlər.
Sürücü həyatı göründüyündən çətin keçir
Bu əsnada bir sürücü ilə söhbətimi xatırladım: “Bütün günü yollardasan, gündə yüzlərlə insanla qarşılaşırsan. Tıxacların stresi, bəzən əsəbi sərnişinlərin kobudluğu, aclıq səni yorur. Üstəlik də qazancın lotereya kimi şansa bağlıdır. Əziyyətinə dəyər qazanc gündəlik qala, ya qalmaya. Bəzən sadəcə sahibkar üçün işləyirsən, plana daxil olan pulu verdikdən sonra sənə qazanc qalıb, ya qalmayıb bu sahibkarı elə də maraqlandırmır”. Qəzaların tüğyan etdiyi iri şəhərlərdə sürücülərin ailələri isə elə onlar qədər narahatlıq duyur, bütün günü ürəkləri diqqətdə, dilləri dualı olur.
Nəzakət maskasının yırtılması uzun çəkmədi
Sənan Səlimova zəng edib olayı bildirdiyimdə belə bir sürücüləri olduğunu təkzib etdi. Dünən səs yazısı apardığımdan duyuq düşərək nəzakət maskası geyinən Sənan Səlimov bu dəfə başqa cür danışırdı. Halbuki dünənki söhbətimizdə bildirirdi ki, guya hansısa sürücüsünün nəzakətsizlik etmə ehtimalına qarşı məni izləyib, məsələni aydınlaşdırmaq, problemi həll etmək istəyir.
İctimai nəqliyyatın sağalmayan yarası
Məsələnin ictimai tərəfi tragikomik vəziyyətdən çıxaraq daha ciddi hal alır. 204 nömrəli marşrut xəttinin problemləri illərdir öz həllini tapmır. Bu barədə özüm də ara-sıra yazmışam, Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlamışam, mövcud vəziyyət haqda bildirmişəm. Bu mənim hər şeydən əvvəl həmin xəttin daimi sərnişini kimi haqqımdır. Hansısa sahibkarın yarıtmaz xidmətinə görə insanlar əziyyət çəkir. Səhər və axşam saatlarında camaat yolda qalır. Bunun üstünə bir də tüstüsü salona dola-dola siqaret çəkib telefonla danışan, sərnişin dolu avtobusla yanacaq doldurma məntəqəsinə daxil olan, insanların həyatını təhlükə altına ataraq nasaz maşınla yola çıxan sürücü əməlləri ilə qarşılaşdıqca, narahat olmağa başlayırsan. Axı bu marşrutdan təkcə sən yox, yüzlərlə ailə istifadə edir. Bunların arasında azyaşlısı, qocası, xəstəsi də var. Bir sürücünün səhlənkarlığı bir neçə ailənin taleyinə təsir edə bilir.
Nə vaxta kimi yol sahibkarları öz işlərinə laqeyd yanaşacaq?! Ailələri gözüyaşlı qoyacaq? Onlar qəbul etməlidirlər ki, sürücünü işə götürərkən sürücülük vəsiqəsinin olması kifayət deyil. Sürücülük təcrübəsi, işdə sərnişinlə davranış qaydalarına bələd olmaları vacib şərtdir. Yarıtmaz xidməti ictimaiyyətə bəyan olduqda, kimisə qaralamaq, təzyiq göstərməyə cəhd etmək isə ən yararsız yollardan biridir.
Aləmdə Nəsib