İdlibdə Suriya vertolyotu vuruldu
Türkiyə və Suriyanın dövlət mediası cümə günü Türkiyənin dəstəklədiyi suriyalı üsyançıların Hələbin qərbində yerləşən və son həftələr zorakılığın artdığı Suriyanın şimal-qərb İdlib bölgəsində hökumət vertolyotunu vurduğunu bildirib.
Rakus.az xəbər verir ki, bir üsyançı mənbənin və şahidlərin Reuters xəbər agentliyinə verdiyi məlumata görə, cümə günü Hələbin qərbindəki kəndləri hədəf alan Rusiya təyyarələri vertolyot vurulduqdan sonra şəhərə doğru geri çəkilib.
“Hərbi vertolyotlarımızdan biri Hələbin qərbindəki kənddə, Türkiyənin dəstəklədiyi silahlı terror təşkilatlarının yerləşdiyi yerdə düşmən raketi ilə vurulub. Nəticədə vertolyot düşüb və ekipaj ölüb” deyə, Suriyanın dövlət SANA xəbər agentliyi hərbi mənbəyə istinadən bildirib.
Türkiyə Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələrinin təxminən doqquz ildir davam edən müharibədən sonra üsyançıların son böyük istehkamını geri almaq üçün hücumlarını artırdığı bir vaxt, cənub sərhədindəki İdlibə əlavə silah və əsgər göndərib.
Suriya İnsan Haqları Müşahidə Qrupu cümə günü Türkiyənin fevralın əvvəlindən bəri Suriyanın şimal-qərb bölgəsindəki ordusuna dəstək məqsədilə 1900-ə yaxın hərbi nəqliyyat vasitəsi və əlavə 6500 əsgər göndərdiyini bildirib.
Türkiyənin dövlət Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, vertolyot hökümətin nəzarət etdiyi Hələbi tərk edəndən sonra cəbhə xətti üzərində uçarkən vurulub. Üsyançılar çərşənbə axşamı cənubda yerləşən Nairab şəhəri yaxınlığında başqa bir hökumət vertolyotunu vurub.