“İki ölkənin qəhrəmanı” adlı sənədli film çəkildi
Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq bu istiqamətdə silsilə tədbirlər davam etdirilir.
Rakus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirib ki, həmin Sərəncamın icrası istiqamətində nazirlik tərəfindən Əhmədiyyə Cəbrayılova həsr olunmuş “İki ölkənin qəhrəmanı” adlı sənədli film çəkilib. Film Azərbaycan, rus və fransız dillərində hazırlanıb.
Filmin ssenari müəllifi və rejissoru Teymur Nəcəfzadə, məsləhətçisi İlham Abbasovdur. Filmi Azərbaycan dilində Elşən Rüstəmov, fransız dilində Jilian Chanpendis və rus dilində Vladislav Kupryaşın səsləndiriblər.
Sənədli filmi Gənclər və İdman Nazirliyinin “Facebook” və “YouTube”dakı səhifələrində izləmək mümkündür.