İran rialından sıfırlar silinəcək
İran prezidenti Həsən Ruhani ölkənin milli valyutası olan rialdan dörd sıfrı siləcək qanun layihəsini parlamentə göndərib.
Rakus.az xəbər verir ki, İranın xəbər agentlikləri Ruhaninin bu qanun layihəsini parlamentin təcili olaraq nəzərdən keçirməsini istədiyini bildirir.
Qeyd edək ki, İran rialının dəyəri ABŞ prezidenti Donald Trampın 2018-ci ildə Tehran və dünya güclərinın daxil olduğu nüvə sazişindən çıxması və İrana yeni sanksiyalar tətbiq etməsindən sonra kəskin şəkildə düşüb.
Bu addım milyardlarla dollarlıq ticarət sövdələşmələrinin dayanmasına səbəb olub və İranın xam neftinin xaricdə satışına əngəllər törədib.
Xatırladaq ki, avqustun 21-də 1 ABŞ dolları 116 500 rial olub. 2015-ci ildə, nüvə anlaşması zamanı isə 1 dolların qiyməti 32,000 rial idi.
Aprel ayında Beynəlxalq Valyuta Fondu (BVF) İran iqtisadiyyatının bu il 6 faiz kiçiləcəyini və ABŞ sanksiyalarının təsirindən ölkədə inflyasiyanın 40 faizə çatacağını bildirib.