İran -“Taliban” toqquşması – su problemi həllini tapacaqmı – TƏHLİL
Əfqanıstandakı “Taliban” rejimi İrana müharibə elan edib, sərhəddə döyüşlərin getdiyi bildirilir. İran da Talibanı qonşuluq münasibətlərini pozmaqda, Helmand çayı üzərində bəndlər tikməkdə günahlandırır. “Taliban” rejimi 2021-ci ildə yenidən Əfqanıstanda hakimiyyətə gələndə rəsmi Tehranın ona münasibəti digər dünya dövlətlərindən fərqli olaraq yaxşı idi. Ona görə də iki ölkə arasında vəziyyətin gərginləşməsi müxtəlif sualların yaranmasına səbəb olub.
İki rejim arasındakı bu məsələnin sonu necə görünür? Nələr gözlənilir? Toqquşmaların baş verməsində ABŞ-ın rolu varmı?
Mövzunu Globalinfo.az-a şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, iki rejim arasında gərginlik su probleminə görə ciddi həddə çatıb:
“İran hakimiyyəti ilə Əfqanıstandakı mövcud “Taliban” hökuməti arasında ziddiyyətlər davam edir. Taliban ilk hakimiyyətə gəldiyi dövrdə Əfqanıstandakı İran konsulluğuna hücum etmiş, bina dağıdılmış, konsulluğun əməkdaşları isə saxlanılmışdı. Bir sözlə, “Taliban” hökuməti İrana xoş qonşuluq münasibəti bəsləmir. Sözügedən rejim Əfqanıstanda ikinci dəfə hakimiyyətə gələndə İran tərəfi “Taliban” qüvvələrini təmtəraqla qarşılamış, hətta rəsmi olaraq hökuməti tanımasa belə, onları ziyarət etmişdi. Bu günlərdə isə Tehran rejiminin bir qrup hərbi rəhbərliyi Əfqanıstana səfər edərək təşkilatın hərbi rəhbərliyi ilə görüşüb.
İki ölkə arasında münasibətlər uzun illərdir davam edir. Bu gərginliyin əsas səbəblərindən biri isə su problemidir. 1973-cü ildə bu problemin həlli üçün müqavilə imzaladılar. Həmin müqaviləyə əsasən, İran Gilmənd çayından il ərzində 860 milyon kubmetr su götürə bilər. Amma 2017-ci ildən sonrakı dövrdə bu kvotaya əməl etmədi. Ona görə də, Əfqanıstan tərəfi hazırda İrandan istifadə etdiyi suyun əvəzinin ödənilməsini tələb edir və bunun müqavilədə nəzərdə tutulduğunu bildirir. Gilmənd çayı öz mənbəyini Hinduquş dağlarından götürür, mənsəbi isə İran ərazisində başa çatır. Bu çay üzərində iki böyük su anbarı tikilib və onların vasitəsilə Əfqanıstanda əkin sahələri suvarılır. İran iddia edir ki, həmin su anbarlarının tikilməsi ölkə ərazisində su qıtlığına səbəb olub. Sistan – Bəlucistan əyalətlərində əkin sahələrinin suvarılmasında problemlər yaşanır”.
S.Soltan İranla “Taliban” arasında hazırda bir neçə istiqamətdə gərginliyin yaşandığını, vəziyyətin daha da ciddiləşəcəyini qeyd edib:
“Məsələ su problemi ilə başlasa da, digər istiqamətlərdə də gərginlik var. Əfqanıstan və İran sərhədində hər iki tərəfdə bəluclar yaşayır. Onların yaşam səviyyəsi aşağıdır, çox sayda sosial problemləri var. 2022-ci ilin sentyabrından İranda başlayan etiraz aksiyalarında bəluclar çox fəal iştirak edir. İran tərəfi regionda “Taliban”ın böyük qardaşı kimi görünmək istəsə də, terror təşkilatı bunu qəbul etmir. Aradakı konfliktlərdən biri də sərhəd-buraxılış məntəqəsindəki narazılıqdır. İran tərəfi “Taliban”ı özünə tabe etmək üçün son üç ayda 120 minə yaxın əfqan qaçqını ölkəsinə geri göndərib. Bu da “Taliban” rejiminin xoşuna gəlmir. Yəni “Taliban”la İran arasında hazırda su qıtlığı, qaçqınların qaytarılması, sərhədin qorunması və təhlükəsizliyi, İranın “Taliban” üzərində “böyük qardaşlıq” etmək cəhdi, təriqət məsələsində anlaşılmazlıq və s. kimi problemlər münaqişənin yaranmasına səbəb oldu.
Təbii ki, Əfqanıstanda hökumətin hələ tam oturuşmaması, ölkədəki vəziyyət, hökumətin İrana münasibətində buraxdığı səhvlər, İranın “Taliban” rejimini tanımaması, təbii olaraq Tehran rejiminin daha da zəifləməsini istəyən qüvvələrə sərf edir. Bu qüvvələrin yaranmış vəziyyətdən istifadə etməsi ehtimalı az deyil. Buraya ABŞ da, digər hansısa qüvvələr də daxil ola bilər. Hələ ki, “Taliban”la Tehran rejimi arasında münasibətlərin normallaşması üçün nə bir ölkə, nə də təşkilat vasitəçilik missiyasını öz üzərinə götürməyib. Deməli, dövlətlər və təşkilatlar “Taliban” rejimini tanımadıqları üçün onun addımlarına şübhə ilə yanaşır və təminat verə bilmirlər. Odur ki, vəziyyətin bundan sonra da gərginləşəcəyi ehtimalı az deyil”.
Ayşən Mustafa – Globalinfo.az