“İranla müharibə bütün müharibələrin anasıdır” – PREZİDENT - FOTO
“İranla müharibə bütün müharibələrin anasıdır”.
Rakus.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani dövlət televiziyası ilə canlı çıxışda bildirib.
O xəbərdarlıq edib ki, Hörmüz Boğazında dəniz nəqliyyatı əvvəlki kimi təhlükəsiz olmaya bilər.
ABŞ-ın nüvə anlaşmasını tərk etməsindən sonra ötən aylarda İranla Qərb arasında gərginliklər artıb.
“İranla sülh sülhlərin anası, İranla müharibə isə müharibələrin anasıdır” – deyə Ruhani Xarici İşlər Nazirliyində söylədiyi nitqində bəyan edib. O habelə ABŞ-ın sanksiyalarına məruz qalan xarici işlər naziri Məhəmmədcavad Zərifi alqışlayıb.
İranın neft ixrac edə bilməsinin vacibliyini vurğulayan İran lideri bildirib ki, əgər ABŞ Tehranla danışıqlar aparmaq istəyirsə, o zaman sankisyaları ləğv etməlidir.
Britaniya qüvvələrinin Cəbəllütariq boğazında Suriyaya qaçaqmalçılıqda yardım göstərməkdə ittiham edərək, İran tankerini saxlamasından bir neçə həftə sonra İnqilab Qvardiyası Hörmüz Boğazında “Stena Impero” Britaniya tankerini ələ keçirib.
“Boğaz boğazdır. Elə ola bilməz ki, Hörmüz boğazı sənin üçün azad olsun, ancaq Cəbəllütariq bizim üçün azad olmasın”, – Ruhani əlavə edib.