İraqda İran komandiri öldürüldü
İraqda İrana bağlı şiə qruplaşmalarından birinin lideri, görkəmli komandir Taleb Abbas Əli əl-Səidi öldürülüb.
Rakus.az xəbər verir ki, İraq şiələrinin Xalq Səfərbərlik Qüvvələrinin lideri olan Taleb Abbas Əli əl-Səidi Bağdaddan 90 kilometr məsafədəki Kərbala şəhərində naməlum silahlıların həyata keçiriyi əməliyyat nəticəsində ötən gün yanvarın 11-də öldürülüb, lakin əməliyyatın təfərrüatları barədə məlumat yoxdur.
Taleb Abbas Əli əl-Səidi Xalq Səfərbərlik Qüvvələrinə bağlı Kərbala Briqadasının komandiri idi. Bu silahlı qruplaşma İraqda ABŞ qüvvələrinə qarşı tez-te hücumlar təşkil edir.
Birləşmiş Ştatların Yaxın Şərqdə əməliyyatlara rəhbərlik edən Mərkəz komandanlığı Kərbala şəhərindəki silahlı əməliyyat barədə şərh verməyib.
Taleb Abbas Əli əl-Səidinin öldürülməsi ABŞ ordusu tərəfindən İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri, general Qasım Süleymaninin və briqadanın biri general olmaqla daha 4 zabitinin, o cümlədən İraqdakı “Həşdi Şabi” qruplaşmasının komandir müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsi əməliyyatından bir neçə gün sonraya təsadüf edir. Həmin əməliyyat yanvarın 3-də Bağdad aeroportu yaxınlığında keçirilib. İran yanvarın 8-də qisas olaraq ABŞ-ın İraqdakı aviabazalarına raket zərbələri endirib.
İraqdakı yaxşı silahlanmış “Xalq Səfərbərlik Qüvvələri” İranın “Əl-Qüds” qüvvələri tərəfindən dəstəklənir.