İsrail vətəndaşlarını BƏƏ və Bəhreynə səfər etməməyə çağırdı
İranın atom bombasının atası sayılan fizika üzrə alim Möhsün Fəxrizadənin qətlindən sonra İsrail vətəndaşlarının Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə səyahət etmələri həyatlarına təhlükə yaradır.
Rakus.az xəbər verir ki, bu barədə İsrailin Terrorçuluğa qarşı Mübarizə Qərargahının Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə səfər etmək istəyən israillilər üçün yaydığı xəbərdarlıqda bildirib.
Qərargah bu xəbərdarlığın tövsiyə xarakterli olduğunu vurğulayıb.
Xatırladaq ki, BƏƏ rəsmi olaraq M.Fəxrizadənin qətlini qınayıb.
Məlumata görə, sosial şəbəkələrdə İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Salaminin hadisə ilə bağlı İsrailin ünvanına sərt fikirlər söylədiyinə dair məlumatlar yayılmışdı. Qvardiyanın mətbuat katibi Ramadan Şərif bu məlumatı təkzib edib və yalınız rəsmi bəyanatlara etibar edilməsini istəyib.
İran rəsmiləri bu qətllə bağlı İsraili ittiham ediblər. Hətta Tehranda “Keyhan” qəzeti İsrailin Hayfa limanına hava zərbəsi endirməyə də çağırmışdı. Qəzetin iddiasına əsasən, Möhsün Fəxrizadənin qətlində İsrailin xüsusi xidmət orqanları iştirak edib.