İyulun 26-da İstanbulun “Bakırköy Azadlıq Meydanı”nda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən təxribatla bağlı etiraz aksiyası keçirilib.
Rakus.az xəbər verir ki, aksiya qardaş Türkiyədən Azərbaycana dəstək məqsədilə keçirilib. Aksiya “Maskanı tax, bayrağını al, aramıza qatıl” şüarı, Türkiyədə fəaliyyət göstərən Türk Dünyası Məclisi, “Hazarfem” Xəzər Folklor Tədris və Araşdırma Mərkəzi, Çayeli Dərnəklər Federasiyası (ÇAYDEF), Avcılar Əhlibeyt Platformu, Rize Dərnəklər Federasiyası, Dünya Yozqatlılar Konfederasiyası, Türkiyə Müstəqil Krım Dərnəkləri Platformu, İstanbul Yozgatlılar Federasiyası, “Gənc İradə” (GİD), “İsmail Gaspırali Krım Tədris və Mədəniyyət”, “Bolqarıstan Türkləri”, “Yozgat Sənayeçi və İş Adamları”, “Türk Axivçilər”, “İstanbul Qumukları”, “Böyükçəkməcə Yozgatlılar”, “Üsküdar Rizelilər” dərnəklərinin təşəbbüsü ilə keçirilib.
Aksiyada hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən “Hazarfem”in rəhbəri Nuran Acar Ermənistanın Azərbaycana qarşı illərdir davam edən işğalçılıq siyasətindən bəhs edib, iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törədilən hərbi təxribatlardan danışıb.
Türkiyənin qardaş Azərbaycana dəstəyinin qürurverici olduğunu bildirən çıxışçılar Azərbaycanın və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın hər şəraitdə ölkələrimizin, eləcə də xalqlarımızın maraq və mənafelərini qarşılıqlı şəkildə müdafiə etdiklərini vurğulayıblar.
Mitinqdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni işğalına son qoyulması ilə bağlı şüarlar səsləndirilib.
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin dərhal dayandırılması, işğalçı tərəfin hərbi qüvvələrinin BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə uyğun olaraq Azərbaycan ərazisini tərk etməsi tələb olunub, son hadisələr zamanı Serbiyanın Ermənistana dəstəyi şiddətlə qınanıb.
Bildirilib ki, son günlər düşmənin davamlı hərbi təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu işğal altındakı torpaqları düşməndən azad etmək iqtidarındadır.
Tədbirdə mediaya açıqlama verilib. Açıqlamada deyilir ki, yaxın günlərdə təcavüzkar Ermənistanın qardaş ölkə olan can Azərbaycana qarşı törətdiyi xain təxribatı qınamaq və bu hadisələr zamanı şəhid olan qardaşlarımızı anmaq üçün burada toplaşmışıq:
“Məqsədimiz burada toplanan qeyri-hökumət təşkilatları ilə qardaş ölkənin – Azərbaycanın tək olmadığını dünyaya bir daha çatdırmaqdır. Eşq olsun can Azərbaycana ki, belə igid və geniş ürəkli insanları var”.