İstanbulda təntənəli tədbir keçirildi
1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə İstanbulda təntənəli tədbir keçirilib.
Rakus.az xəbər verir ki, 102 il əvvəl əbədi əməkdaşlığa atılan qardaşlıq imzası: Bir millər iki dövlətin hekayəsi” mövzulu tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə reallaşıb.
Mərasim Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Türkiyənin Milli müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın İstanbuldaki baş konsulu Nərminə Mustafayeva, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TADİV-in sədri, professor Aygün Attar, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, Türkiyədə fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri, hər iki ölkədən olan ziyalılar və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər əsrlərdən gələn Türkiyə-Azərbaycan münasibətləri, iki qardaş ölkənin birgə inkişaf yolu haqqında danışıblar.
Bakının azad edilməsini tarixin ən böyük zəfərlərindən biri adlandıran çıxışçılar, aradan uzun illərin keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusunun qardaşlıq köməyinin heç vaxt unudulmayacağını bildiriblər.
Tədbir Azərbaycan və Türkiyə milli musiqilərinin ifa edildiyi bədii hissə ilə davam edib.