İsveç Şimali Koreyadakı səfirliyini bağlayır
İsveç Şimali Koreyadakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq oradan çıxarır.
Rakus.az xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyi Şimali Koreyadakı bütün diplomatlarını müvəqqəti olaraq geri çağırdığını elan edib. İsveçin oradakı səfirliyi ABŞ-ın və bəzi başqa ölkələrin maraqlarını da təmsil edir.
Şimali Koreyadakı İsveç səfirliyi ABŞ, Avstraliya və Kanadanın konsul nümayəndəsi kimi çıxış edir. İsveç Xarici İşlər Nazirliyi Pxenyanda səfirliyinin açıq qaldığını bildirib, lakin indi həmin səfirlikdə yerli əməkdaşlar çalışacaqlar.
Nazirliyin nümayəndəsi jurnalistlərə müsahibəsində deyib: “Bayramlar və rotasiya ilə əlaqədar olaraq biz öz diplomatlarımızın yerini dəyişmişik”.
Nümayəndə bu tədbirin müvəqqəti xarakter daşımasını və vəziyyətin COVID-19 ilə əlaqədar mürəkkəbləşməsini vurğulayıb.
Pxenyanla diplomatik münasibətləri olan qərb ölkələrinin əksəriyyəti, o cümlədən Almaniya, Böyük Britaniya və Fransa pandemiya dövründə insanların rotasiyasının və təchizatın mürəkkəb olduğunu əsas göstərərək öz işçilərini müvəqqəti olaraq geri qaytarıblar.
Şimali Koreya özü isə bəyan edir ki, bu ölkədə təsdiqlənmiş koronavirus halları yoxdur, lakin xəstəliyin yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülüb. Bu il yanvar ayında KXDR öz sərhədlərini tamamilə bağlayıb, beynəlxalq aviasiya və qatar reyslərinin əksəriyyətini ləğv edib və əcnəbi rezidentlərin azı bir ay müddətində karantin keçməsi barədə sərəncam verib.