Kəşfiyyat Kim Çen Inla bağlı şayiələri təkzib etdi
Cənubi Koreyanın Milli Kəşfiyyat Agentliyi parlament komitəsinin iclasının gedişində KXDR lideri Kim Çen Inın xəstəliyi və keçirdiyi cərrahiyyə əməliyyatı barədə yayılan şayiələri təkzib edib.
Rakus.az xəbər verir ki, Koreya Respublikasının hakim demokrat partiyasının nümayəndəsi Kim Ben Ki Milli Kəşfiyyat Agentliyinin məlumatlarına əsaslanaraq, Kim Çen Inın bu il adi vaxtlardan 66 faiz az – 17 dəfə ictimaiyyət qarşısına çıxdığını deyib.
Eyni zamanda, Cənubi Koreya kəşfiyyatı yaranmış vəziyyəti Kim Çen Inın xəstəliyi ilə əlaqələndirmir. Kəşfiyyat idarəsinin nümayəndəsinin fikrincə, Şimali Koreya lideri əsas diqqətini daxili problemlərin həllinə və COVID-19 xəstəliyi ilə mübarizəyə cəmləyib.
Bu ərəfədə KXDR mətbuatı 20 gün ərzində ilk dəfə Kim Çen Inla bağlı kadrları dərc edib. Şimali Koreya rəhbəri Pxennan-Namdo əyalətində yerləşən Sunçhon şəhərindəki mineral gübrə istehsalı ilə məşğul olacaq zavodun açılışında görünüb. Bu, Kim Çen Inın aprelin 11-dən bu yana ictimaiyyət qarşısına ilk çıxışıdır.
KXDR lideri həmin müddət ərzində ölkə üçün bir neçə mühüm tədbirdə, o cümlədən aprelin 15-də dövlətin banisi Kim İr Senin doğum gününün qeyd olunduğu Günəş Günü bayramında iştirak etməyib. Bununla bağlı bir sıra xarici KİV-lərdə Şimali Koreya liderinin ağır xəstəliyə tutulması və hətta vəfat etməsi ehtimalları haqqında məlumatlar dərc olunub.