Kilsələrdə dua mərasiminə təkbətək icazə verildi
Pravoslav xristianlar aprelin 19-da Pasxa bayramını qeyd edib.
Rakus.az xəbər verir ki, koronavirus səbəbi ilə dini mərasimlərin təşkili çətin olub.
Kilsə liderləri insanların kilsələrdəki dua mərasiminə təkbətək iştirakına icazə verib.
Pravoslavların əksəriyyət təşkil etdiyi Rusiya və Ukraynada mərasimlər aprelin 18-də gecədən keçirilir. Ukraynada polis insanların kilsələrə təkbətək girməsinə nəzarət edib.
Ukrayna prezidenti Volodimir Zelenski ukraynalıları qaydalara əməl etməyə və küləvi şəkildə toplaşmamağa çağırıb.
Kiyev kilsəsi rahiblərin koronavirusa yoluxması və iki nəfərin ölməsi ilə karantinə alınıb.
Rusiyanın Pravoslav kilsəsi aprelin 19-da qeyd edilən Pasxa bayramı günü kilsələrin böyük kütlələrə bağlı saxlanmasına göstəriş verib.
Moskvada ərzaq, dərman alışı, müalicə və ya itlərin gəzdirilməsi üçün evdən çıxmaq kimi hallardan başqa insanların küçələrə çıxmasına qadağa qoyulub.
Pasxa mərasimlərinə mütəmadi qatılan prezident Vladimir Putin bu dəfə bayramı iqamətgahında qeyd edib.
Gürcüstanda isə hökumətlə dini liderlər insanların günbatandan günçıxanadək Pasxa mərasimlərə iştirak üçün razılıq əldə edib. Razılıq böyük kilsələrə insanların gəlməsini, lakin 2 metrlik məsafə saxlamasını nəzərdə tutur.
Bolqarıstanda hökumət əhalini mərasimlərə qatılmamağa çağırıb. Lakin buna baxmayaraq aprelin 18-də yüzlərlə insan açıq hava mərasimlərində iştirak edib.
300 milyondan çox pravoslav xristianın qeyd etdiyi Pasxa Roman katolikləri və Protestant xristianların qeyd etdiyi Pasxadan bir həftə sonraya təsadüf edir.