İtaliyanın Lombardiya şəhərinin 101 yaşlı sakini Mariya Orsinqer üç dəfə koronavirusdan sağalıb. Hazırda o, özünü yaxşı hiss edir.
Rakus.az xəbər verir ki, ilk dəfə xəstəlik onda fevral ayında müəyyən edilib. Həmin vaxt İtaliyada COVID-19 epidemiyası təzə başlayırdı, Lombardiya isə əsas ocaqlardan biri idi.
“Anam xəstəxanaya yerləşdirildi. Hələ o zaman həkim mənə dedi ki, yaşlılardan heç kim xəstəliyi belə yüngül keçirməyib. Onun demək olar temperaturu yox idi və sərbəst nəfəs alırdı. Lakin iki ay öncə o, yenidən koronavirus testindən keçdi, cavab yenə müsbət çıxdı”, – qızı Karla bildirib.
Sentyabr ayında koronavirusun ikinci dalğası yayılanda, Orsinqer yenə xəstəxanaya düşür. Bu dəfə onda az qızdırma müşahidə olunsa da, xəstəlik ümumilikdə yüngül formada keçib.
18 gündən sonra o, sağalıb və altı ildir yaşadığı Qocalar Evinə yollanıb.
“Ötən həftə bizə zəng edib, anamın yenə koronavirusa yoluxduğunu dedilər. Bu dəfə o, yeganə yoluxan idi. Onda ümumiyyətlə heç bir simptom yoxdur, özünü yaxşı hiss edir, hətta iştahı küsməyib”, – qızı deyib.
Mariya Orsinqer 1919-cu ilin iyunun 21-də – “İspan qripi”nin tüğyan etdiyi dövrdə dünyaya gəlib. Düzdü, xəstəliyə yoluxmadı, ancaq bir çox digər sınaqlarla (xüsusən II Dünya müharibəsində) üzləşib. Müharibə vaxtı o, ailə həyatı qurub, sonradan altı uşaq dünyaya gətirib, həmçinin ərinin əvvəlki nikahından olan iki uşağı övladlığa götürüb.