“Krosa” tayfununa görə bütün uçuşlar dayandırıldı
“Krosa” tayfunu Osaka şəhərinin qərbində yerləşən “Kansai” hava limanında bütün uçuşların ləğvinə səbəb olub.
Rakus.az xəbər verir ki, azı 1700 nəfər hava limanında gecələməyə məcbur olub.
Aeroport rəhbərliyi hər kəsə pulsuz su və yataq kisələri verib. Əksər insanlar gözləmə otaqlarında yerləşdirilib. Təxminən 250 reysin ləğv edildiyi bildirilir.
Tayfunun yaratdığı güclü külək və leysan yağışları zamanı bir nəfər ölüb, 49 nəfər yaralanıb. Hava şəraiti dəmir yolu üzrə hərəkət edən qatarların da qrafikini ciddi şəkildə pozub.
Xatırladaq ki, “Krosa” bu il Sakit okeanda meydana gələn onuncu tufandır. Yapon dənizindən başlanğıc götürən tropik fırtına hazırda Hokkaydo adasına doğru irəliləyir. Tufanın mərkəz hissəsində küləyin sürəti saniyədə 25 metrə çatır.