Kürdlər başqa, terrorçular başqadır – Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla ABŞ-da səfərdə olan rəsmi heyət prezident Donald Trampın verdiyi işgüzar yemək masasından sonra ABŞ senatorlarla görüşüb.
Rakus.az xəbər verir ki, görüşə Donald Trampa yaxınlığı ilə tanınan Respublikaçılar Partiyasından 5 senator da qatılıb.
Senatorlar iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsini, eləcə də Türkiyənin ABŞ üçün önəmli müttəfiq olduğuna görə yenidən öz aralarında görmək istəklərini bildiriblər.
Türkiyənin Suriyadan didərgin düşən qaçqınlara sığınacaq verməsini təqdir etdiklərini bildirən senatorlar Türkiyə ilə ABŞ-ın terrora qarşı birgə mübarizə aparmasından məmnunluqlarını desələr də, lakin kürdlərin qırğınına qarşı olduqlarını bildiriblər.
Senatorlar eyni zamanda S-400 mövzusundan da narahatlıqlarını ifadə ediblər. Onlar rus sistemi ilə F-35-lərin uyğun gəlmədiyi vurğulayıblar.
Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində kürdlərlə terrorçuların bir-birindən fərqli olduğunu deyib. O, dünyada ən çox kürdün yaşadığı yerin Türkiyə olduğunu bildirib. Əlavə edib ki, Barak Obama hakimiyyəti dövründə Suriyadan Türkiyəyə gələn kürdlərin sayı 360 minə yaxın olub: “Onları heç kimin qəbul etmədiyi halda biz qəbul etdik və bütün problemlərini qarşıladıq. Fəqət sizin kürd dediyiniz hər halda PYD/YPG-dir. Sizin Mazlum Kobani kimi tanıdığınız terrorçu Fərhad Abdi Şahin terrorçuların lideri Abdullah Öcalanın mənəvi övladıdır. Kürdlər başqa, terrorçular başqadır”.
Ərdoğan həmçinin Türkiyənin Suriya ərazisindəki təhlükəsiz bölgə yaratmaq planı haqqında senatorlara məlumat verib. 6 ay və 2 il müddət ərzində təhlükəsiz bölgədə suriyalıların qayıdışı üçün inşaat işləri aparıldığını və suriyalıların demoqrafik probleminin nisbətən həllinə nail olunacağını bildirib: “Təhlükəsiz bölgə Türkiyənin nəzarətində olmalıdır”.
Görüşdə Donald Tramp bildirib ki, Türkiyədə hazırda 4 milyon qaçqın var, onlara Avropanın da sığınacaq verməsini arzulayır.