Mədəni 18.05.2019 16:13

Laçınlı şeirlər Laçında yazılacaq

 

 

Laçın rayonunun adını dilimə gətirəndə mərhum müğənnilərimiz Qədir Rüstəmovun və Məhəbbət Kazımovun ifa etdiyi həsrət ruhlu mahnıları “Ay Laçın” və “Laçınım” qulaqlarımda səslənir. Gözlərim qarşısında Laçının gözəl təbiəti, başı qarlı dağları, ucsuz-bucaqsız çölləri, buz bulaqları və yaşıl meşələri canlanır.

İllərdir Laçın deyəndə poeziyamızın telləri titrəyir, ürəyi hərarətlə döyünür. Nəsrimizin nəbzi sürətlə vurur, gözü qan ağlayır. Ürəyimiz uçunur, qəlbimiz kövrəlir. Yaşadığımız ağrı-acılar misra-misra, ilmə-ilmə yazıçı və şairlərimiz tərəfindən şeirimizə hopur, nəsrimizə köçür. Bir məqamı da xüsusi olaraq qeyd edək ki, həmin əsərlərdəki kövrəklik oxucuya qəm gətirmir, onu qolundan tutub bədbinliyə sürükləmir. Əksinə, oxucunu mübarizliyə, cəsurluğa, cəsarətə səsləyir, neçə vaxtdır təşnəsində olduğumuz qələbə əzminə kökləyir. Səngərlərə səsləyir, düşmən üzərinə çağırır. Hamını, hər kəsi haraylayıb döyüşə səfərbər edir.

Laçın deyəndə ilk olaraq Sarı Aşıq yada düşür. O  Sarı Aşıq ki, əsrlərdir ki, bayatıları, təcnisləri xalqın yaddaşında yaşayır, dilinin əzbəridir.  Zalımı, zülümü qarğıyan Sarı Aşıq yazır:

Aşıq dərdə zalımı,

Düşsün dərdə zalımı.

Yaxşının tənəsindən,

Candan dərd azalımı?

Sarı Aşığın bayatılarının bədii təsiri, gücü zamanların arxasını yerə qoyub. Kamanından atılmış ox kimi havada süzüb bu günümüzə gəlib çatıb. Aşığın bayatıları, təcnisləri sevib sevilənlər üçün qaynar bir bulaqdır. Aşiqlər bu bulaqdan su içə-içə sevgilərinə qovuşmaq üçün yol gedirlər, yol gəlirlər. Aşığın bütün yaradıcılığı eşq, məhəbbət bulağından su içir. Sevgilisi Yaxşiya qovuşmadığından şeirləri qəmli məhəbbət nəğməsi kimi səslənir:

Mən Aşığam, yar alıb,

Kəs bağrımı yaralıb.

Əzrayıl, alma canım,

Bir canım var yar alıb.

Laçın həsrəti bu bölgədə doğulub boya-başa çatmış şair və yazıçıların yaradıcılığından dağ çayları kimi axıb keçir. Şair Hüseyn Kürdoğlunun qələmindən çıxan gəraylılar, qoşmalar, təcnislər heç vaxt təravətini itirmir. Onlara olan maraq, məhəbbət və istək bu gün də azalmır. Onun poeziyası haqqında görkəmli ədəbiyyatşünaslar dəyərli fikirlər söyləmiş, yaradıcılığına layiqli qiymət vermişlər. Ermənilər Laçın rayonunu işğal etdikdən sonra şairin şeirlərinin gülümsər çöhrəsi kədərə büründü. Misralarının üstünə qəm çiləndi. Həmişə yaradıcılığında təbiətimizin gözəlliklərini, sevgi və məhəbbəti vəsf edən şair doğma yurdun həsrətinə, nisgilinə də şeirlər həsr etməyin taleyinə boyun əyməli oldu. Onun qələmi bu misraları da yazdı:

Mən ölsəm, Laçın ağlar,

Yolar ağ saçın ağlar.

Göydən keçən durnalar,

Ləngidər köçün, ağlar.

Qoşmalarını, bayatılarını oxuduqca Hüseyn Kürdoğlunun torpağa, yurda necə ürəkdən bağlı bir insan, bir ziyalı, bir vətəndaş olduğunu görürük. Vətəni necə qəlbən sevdiyini duyub hiss edirik. Laçın həsrətli bu bayatılar oxucuları düşmənə nifrət və qəzəb hissi oyadır.

Çöllərə qırov düşdü,

Xəyalıma ov düşdü.

Laçının həsrətindən

Canıma alov düşdü.

İstedadlı şair Ağa Laçınlının hər misrasından doğma ocağa, dədə-baba yurduna məhəbbət və sevgi çağlayır. Bu sevgi bizi Vətənə daha sıx tellərlə bağlayır. Şair Laçının dağlarına üz tutaraq yazır:

…Allah, bu dağların qurbanı olum,

Ağrım güllələndi gülə yetəndə.

Sümüyüm oynadı, qanım qaynadı

Yolumun yorğası çölə yetəndə.

Şair şeirlərində Laçının  – doğma ocaqlarının gözəlliyi ilə yaşadığını dilə gətirib ilhamının gücü ilə vəsf edir:

Ağayam, heç kimə heç nə demirəm,

Güman bulağından sevinc əmirəm.

Getmək istəmirəm, mən istəmirəm

Obaya qovuşub elə yetəndə.

Ağa Laçınlı hər misrası yurd sevgisi ilə yoğrulub. Şair, – elə gedəndə, obaya qovuşanda oradan ayrıla bilmirəm – deyir. Doğma ocaqlar şairi ahənrüba kimi özünə çəkir. Oxuduqca hiss edirsən ki, bu misralar şairin qəlbindən bulaq kimi süzülüb vərəqlərin üstünə tökülür. Əgər bu sözlər qəlbdən süzülməsəydi, yəqin ki, misralar bizi bu qədər sehirləməzdi.

Laçın torpağının istedadlı və sevilən şairlərindən biri də Malik Fərruxdur. Şairin ömrü qısa oldu – əlli il. Onun poeziyasında poetikliklə yanaşı, məğrurluq və mübarizlik də var. Mübarizliklə yanaşı, qətiyyət və məğlubedilməzlik də var. Yerində və məqamında işlətdiyi bədii təsvir vasitələri onun şerilərini daha da oxunaqlı edir. Görün, şair Laçının gözəlliyini, füsunkarlığını necə də gözəl boyalarla, sadə və anlaşıqlı dillə təsvir edir:

Göylərə uzanıb yolu dağların,

Yuyunan buludlar saçı olubdu.

Hökmdar dağların, ulu dağların

Qartallar başının tacı olubdu.

Bu misralar qəlbimizə sığal çəkir, ruhumuzu oxşayır. Onun şeirlərini oxuduqca dərin sükuta dalırsan, xəyal bir anlıq oxucunu Laçına, onun dağlarına, ormanlarına, buz bulaqlarına aparıb çıxarır. Şairin bu şeiri necə də əsrarəngizdir:

Bir qartal yaranda göyün qatını,

Gözləri yol çəkər, düşünər dağlar.

Ana təbiətin mükafatını,

Yığıb qartalları başına dağlar?!

 

Dərin dərələri alanda kölgə,

Damlalar buluddan üzülüb gəlir.

Dağ suyu təmizdir, deyirəm bəlkə

Qartal ürəyindən süzülüb gəlir.

Şair Rəfail Laçınlının da yaradıcılığında torpaq həsrəti, yurd nisgili oxucunu duyğulandırır. Onun şeirlərindəki həsrət odu vətənpərvərlik hisslərini coşdurur. Duyğularımız dənizin güclü dalğaları kimi kükrəyib şahə qalxır. Bizi daha da barışmaz, mübariz və qətiyyətli olmağa səsləyir. “Laçın” sözü Rəfailin qələmindən uzağa getmir, dilindən düşmür. Düşmənə nifrətlər yağdırıb doğma ocaqlara qovuşmaq həsrəti ilə yaşayır. Şair coşub çağlayan hisslərini bir rübaisində belə ifadə edir:

Dağlar aşıb yetən ünüm Laçındı,

Həyatımda ən xoş günüm Laçındı.

Dilim batıb lal olmuşam bu qəmdən,

Qürbət eldə həsrət könlüm Laçındı.

Gənc şair Zahir Abbas Laçında dünyaya göz açsa da, taleyinə qaçqınlıq həyatı yaşamaq düşüb. Amma bu həyat onu sındırmayıb əyməyib. Əksinə, daha da mübariz edib, əzmkarlığını artırıb. Qəlbində, ürəyində dolaşan bu mübarizlik ruhu onun yaradıcılığına da hopub, şeirlərinə də sızıb. Şair şeirlərində onu yurdsuz, yuvasız qoymuş ermənilərə lənətlər yağdırır. Oxucularını silaha sarılıb düşmənlə döyüşməyə çağırır. Yurdun xilasını, azad olunmasını mübarizlikdə, savaşda və döyüşdə görür. Düşünürəm ki, onun şeirləri gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə daha da böyük təkan verəcək gücündədi. Zahir Abbasın torpaq və yurd həsrətli şeirlərini həyəcansız oxumaq olmur. Onun şeirləri oxucunun içindən bir göynərti kimi keçir:

Yurdsuzam, gözümə yuxu getməyir,

Mən nələr çəkirəm, heç kəs bilməyir.

Sənsiz can verirəm, heç kəs görməyir,

Al məni qoynuna dəfn et, ay Laçın,

Bas məni bağrına çal laylay Laçın!

Əgər oxuduğu şeir insanın hiss və duyğularını tərpətmirsə, onu düşündürmürsə, deməli o şeir yox, söz yığnağıdır. Zahir Abbasın şeirləri isə göründüyü kimi oxucunu düşündürür, hisslərini coşdurub duyğulandırır.

Söz yox ki, həyatda heç nə əbədi deyil. Sevinc də, kədər də, qəm də ömür kimi ötəridir, keçəridir. Ümid edirik yaxın gələcəkdə daim qüdrətini artıran Azərbaycan Ordusu Laçın torpağını düşməndən azad edəcək. Bax, həmin günlərdə şair və yazıçılarımızın yaradıcılığı yalnız sevinc üstə köklənəcək. Onlar əsərlərində zabit və əsgərlərimizin qəhrəmanlığını vəsf edəcəklər.

Inanırıq ki, Laçının gözəlliyini vəsf edən şeirlər qələbədən sonra  elə Laçında da yazılacaq.

Hazırladı:

Vahid MƏHƏRRƏMOV

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO