Lavrov görüşün yekunlarını şərh etdi
Qarabağ münaqişəsinin nizamlanmasına dair təkliflər ərazi bütövlüyü, xalqların təyini-müqəddərat hüququ və güc tətbiq edilməməsi prinsipləri əsasında razılıq yolları axtarışını nəzərdə tutur.
Rakus.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Moskva-Baku” portalına müsahibəsində aprelin 15-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün yekunlarını şərh edərək bu fikri söyləyib.
S.Lavrov həmin müzakirələrin 2016-cı ildə Rusiya tərəfindən təklif edilmiş plan əsasında aparılması barədə sualı şərh edərək deyib: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xatırladıb ki, bu təkliflər həmin iclasın yekunları barədə müsahibələrin birində müzakirə olunub. Ona görə də burada mənim nə isə əlavə etməyimə ehtiyac yoxdur. Bu təkliflərin mahiyyətinə gəldikdə isə, onlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – Rusiya, Fransa və Birləşmiş Ştatların rəhbərlərinin çoxsaylı bəyanatlarında təsbit edilmiş yanaşmalara uyğundur. Onlar münaqişə tərəfləri arasında ərazi bütövlüyü, xalqların təyini-müqəddərat hüququ və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanan razılıq yolları axtarılmasını nəzərdə tutur.
Mən sadəcə təklif edirəm ki, siz dövlət başçılarının bu silsilə bəyanatlarına və keçən il dekabr ayında Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilmiş son bəyanatlara nəzər salasınız. Bu işin bütün əsas istiqamətləri orada şərh olunub. Əlbəttə, təfsilat məxfi xarakter daşıyır”.
Rusiyalı nazir daha sonra əlavə edib ki, görüşün yekunlarına əsasən humanitar tədbirlər barədə razılaşmalar birgə bəyanatda açıq şərh edilib. “Razılaşmaların mahiyyəti ondan ibarətdir ki, tərəflər, xüsusən kənd təsərrüfatı işləri aparılan dövrdə, vəziyyətin sabitləşməsi üçün səylərini artırmalıdırlar. Razılaşmalar insanların həbsxanada saxlanılan doğmalarına və yaxınlarına baş çəkmələri üçün şərait yaratmaqdan, KİV nümayəndələri də daxil olmaqla insanlar arasında əlaqələrin təşviq edilməsindən ibarətdir. Hesab edirəm ki, bu, çox faydalı razılaşmadır”.
S.Lavrov xüsusən humanitar sahədə belə tədbirlər barədə əvvəl də razılıq əldə edilməsi, , lakin bu razılaşlmaların heç də həmişə yerinə yetirilməməsi barədə şərhləri oxuduğunu qeyd edib. Rusiya XİN başçısı deyib: “Bu həqiqətdir. Lakin Moskvada yaradılmış bu əlaqələrin yekunlarına əsasən deyə bilərəm: budəfəki razılaşmaların kağız üzərində qalmaması həm Yerevanın, həm də Bakının maraqlarına uyğundur. Biz buna kömək edəcəyik”. (AZƏRTAC)