Magistral kəmərləri ilə nəql edilən qazın həcmi açıqlandı
Bu ilin I yarısında Azərbaycanın magistral qaz kəmərləri ilə 15 mlrd 589 mln 800 min kubmetr qaz nəql edilib.
Rakus.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2% artım müşahidə olunub.
Hesabat dövrünə qazın nəqlinin 37,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 5 mlrd 831 mln 200 min kubmetr qaz ötürülüb. Bu həcm isə ötən ilin müvafiq dövründən 19% çoxdur.
Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə – TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.