Makron pensiya islahatı layihəsində dəyişiklik edir
Fransa Prezidenti Emmanuel Makron ümummilli tətillərə səbəb olan pensiya islahatı layihəsindən imtina etməyəcək, lakin onda dəyişiklik etməyə hazırdır.
Rakus.az xəbər verir ki, bu barədə Yelisey sarayındakı mənbə məlumat yayıb.
“Prezidentin islahat layihəsindən imtina etmək niyyəti yoxdur. O, layihəni təhrif etməsə də, yaxşılaşdırmağa hazırdır”, – Fransa liderinin administrasiyasındakı mənbə bildirib.
Onun sözlərinə görə, dövlət başçısı Milad bayramınadək “atəşkəsin” əldə olunacağına və tətillərin dayanacağına ümidvardır. Bununla yanaşı, həmkarlar ittifaqlarının bəzi nümayəndələri hökumətin islahatlardan imtina etməyəcəyi təqdirdə tətilləri dayandırmayacaqlarını bildiriblər.
Xatırladaq ki, Fransa hökumətinin elan etdiyi yeni pensiya islahatlarına görə, hazırda mövcud olan bir sıra qaydalar ləğv edilir və nəticədə əhalinin müəyyən kateqoriyaları, o cümlədən dövlət nəqliyyat müəssisələrinin işçiləri pensiyaya daha tez çıxmaq imkanlarını və bəzi imtiyazları itirir. Bu qərar həmkarlar ittifaqının kəskin etirazına səbəb olub.