“Master Chef” bu buraxılışını Azərbaycana həsr etdi
Fransanın dünyaca məşhur “Master Chef” jurnalı Azərbaycan mətbəxinə həsr olunan mövsümi nömrəsini buraxıb.
Rakus.az xəbər verir ki, “Turizm və Milli Mətbəxə Dəstək” İctimai Birliyin sədri Fərhad Aşurbəylinin verdiyi məlumata görə, fransız jurnalistlər bu il martın əvvəllərində ölkəmizə bir həftəlik səfərə gəliblər. Bu vaxt ərzində qonaqlar Mingəçevirdə nərə balığı yetişdirilən zavoda baş çəkib, aşpazlardan müsahibə alıb, onlarla maraqlı resept toplayıblar. Əldə olunan məlumatlar jurnalın növbəti nömrəsində oxuculara təqdim olunub.
Qonaqların ölkəmizə səfərini Azərbaycanın Fransadakı səfirliyi və “Dialogue France-Azerbaïdjan” İctimai Təşkilatı təşkil edib, təşkilati dəstəyi “Turizm və Milli Mətbəxə Dəstək” İctimai Birliyi, Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti göstərib.
Avropanın ən məşhur qastronomik nəşrlərindən olan “Master Chef” jurnalı 80 min nüsxə tirajla nəşr olunur.