“Məhəbbətin özü gözəllikdir” – Xalq artisti
“Son vaxtlar efirdə az-az görünməyimi deyirlər. Hər verilişə getmək istəmirəm. Proqramlara seçib çıxıram. Efirdə intriqalar, qalmaqallar etmək tamaşaçıya heç nə vermədi. Bunlar efirdən yığışdırılmalıdır. Sensura lazımdır. Mədəni bir cəmiyyət yaranmalıdır. Gərək qalmaqalları təbliğ etməyək”.
Rakus.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva “İnstaqram”da canlı yayımda deyib.
İzləyicilərinin suallarını cavablandıran aktrisa efirlərdə görünməməsinin səbəbini açıqlayıb və heç bir serialda rol almamasından söz açıb.
O bildirib ki, maraqlı ssenari axtarışındadır:
“Peşəkar ssenarist, rejissorla işləmək istəyərəm. Serial arzusundayam. Buradan rejissorlara deyirəm, mənə təkliflər göndərin. Heç qonorarın nə qədər olacağına da baxmaram. Düzdür, pul önəmlidir, amma gözəl ssenari olsa miqdarına əhəmiyyət verməyəcən. Çəkilişlər üçün darıxmışam, yeni obrazla tamaşaçı qarşısına çıxmaq istəyirəm. Rejissorlar, bizim kimi aktyorlardan istifadə edin, sonra peşman olacaqsınız”.
Onun fikrincə, aktrisa hər obrazı oynamamalıdır: “Bir kraliça obrazına görə aktrisa olmaq olmur. Bundan əvvəl “Qardaşlar” serialında rol alırdım. Youtube-da şərhləri oxuyurdum, nələr yazırdılar. Oturum bütün şərhləri oxuyan biriyəm. Mən də insanam, təsir edir, yazdıqlarınıza fikir verin”.
Sevgi ilə bağlı suala aktrisa “Dünyanı gözəllik yox, məhəbbət xilas edəcək. Məhəbbətin özü gözəllikdir” cavabını verib.