Məhkəmə akademikə bəraət verdi
Türkiyə məhkəməsi ilk dəfə olaraq, 2016-cı ildə ölkənin cənub-şərqindəki qarşıdurmaya son qoyulmasına çağıran məktuba imza atdıqlarına görə “terror təşkilatının təbliği” ittihamı irəli sürülən doqquz akademikdən biri haqqında bəraət qərarı çıxarıb.
Rakus.az xəbər verir ki, alimlər 2015-ci ildə, 2 il yarım davam edən atəşkəsdən sonra hökumət qüvvələri və qanunsuz Kürdüstan İşçi Partiyası (PKK) arasında başlayan və aylarla davam edən döyüşlərə reaksiya olaraq “Biz bu cinayətin iştirakçısı olmayacağıq!” adlı açıq məktubu imzalamışdılar.
İyul ayında Türkiyənin yuxarı məhkəməsi alimlərə qarşı çıxarılan hökmün qanun pozuntusu olduğunu bəyan edib.
İstanbul məhkəməsi prokurorun rəyindəki dəyişikliyi təqdim edərək, yuxarı məhkəmənin bunun ifadə azadlığı olduğunu bildirməsinə istinadən akademik Özlem Səndənizə bəraət qərarı verib.
Səndəniz adı çəkilən məktubu imzaladığı üçün çalışdığı İqdır Universitetindən qovulmuşdu.
2016-cı ilin yanvar ayında dərc edilən və özlərini “Sülh üçün akademiklər” adlandırdıqları məktubu türk akademikləri və Amerika dilçisi Noam Çomsky də daxil olmaqla 1112 alim imzalamışdı.