Metal emalı sənayesində kütləvi ixtisarlar başladı
Macarıstanın Metal Emalı Sənayesi İşçilərinin Həmkarlar İttifaqları Birliyi sahənin müəssisələrində böyük ixtisarlarla bağlı narahatlığını ifadə edib.
Rakus.az xəbər verir ki, sahənin, o cümlədən avtomobil zavodlarının minlərlə işçisi kütləvi şəkildə ixtisar olunur. “Nepsava” qəzeti yazır ki, müəssisələr ilk növbədə ştatdankənar, müqavilə və lizinq əsasında işləyən əməkdaşlarla vidalaşmaq istəyir. Barəsində çox danışılan işçi qüvvəsi çatışmazlığı, əslində, yalnız ixtisaslı işçilərin işlə təmin olunmasına şans verir. Birlik sədrinin müavini Zoltan Laslo bildirib ki, Macarıstanın emal sənayesində köklü dəyişikliklər baş verir. Sifarişlər kəskin azalıb, bunun ardınca işçilərin ixtisarı başlayıb.
Ən böyük ştat ixtisarları aprelin sonunda aparılıb. Bu ixtisarlar bütün emal sənayesini, o cümlədən avtomobilqayırma, dəzgahqayırma, maşınqayırma və metal emalı sahələrini əhatə edib. Təkcə Həmkarlar İttifaqları Birliyinin əhatə etdiyi iş yerləri nəzərə alınsa, onda bir gün ərzində – aprelin 30-dan mayın 1-dək 2 min ştatdankənar əməkdaş işindən məhrum olub. Emal sənayesi işəgötürənlərinin müddətli əmək müqavilələrini uzatmaqdan imtina etmələri də adi hal alıb. Həmkarlar İttifaqları Birliyi yaxın 6-8 ayda vəziyyətin yaxşılaşacağına ümid bəsləmir və yeni ixtisarların olacağını düşünür. Birlikdə bildiriblər ki, yeni texnologiyaların tətbiqi sahəsində inkişafın olmaması Macarıstanın emal sənayesinin sabahına inamsızlığın səbəbləri arasında mühüm rol oynayır. Bu, avtomobilqayırma sənayesində də hiss olunur.