Misirdə dünyanın ən qədim şəkilli kitabı tapıldı
Arxeoloqlar Misirdə dünyanın ən qədim şəkilli kitabını tapıblar.
Rakus.az xəbər verir ki, təxminən, 4 min il əvvəl hazırlandığı güman edilən bu unikal kitabda fironların ölümdən sonra Osiris tanrısının yanına getməsi izah edilir.
Fironun tabutunun üzərində eramızdan əvvəl 2055-1795-ci illərdə yazılmış “İki yolun kitabı” adlanan bu artefaktda minlərlə talisman və ilahi yazılar var. Onların hamısı ölümdən sonrakı həyat haqqındadır. Talismanların əksəriyyəti piramidalarda olan mətnlərdən köçürülüb və ancaq fironlara aid olub. Bu cür təsvirlər və yazılar Qədim Misirin bir çox abidələrində – obelisklər, sərdabalarda, habelə papiruslarda mövcuddur.
Arxeoloqlar bildiriblər ki, mətn və şəkillər fironun dəfnindən sonra kahinlərin nəzarəti altında işlənilib. Qədim Misirdə dəfn ayinlərində iştirak edən kahinlər belə düşünüblər ki, fironlar Osiris tanrısının hüzurunda daha xoşbəxt həyat sürəcəklər. Bundan başqa, kitabda hökmdarların tanrının hüzurunda məhkəməyə çıxarılacağı da təsvir edilib.