Mübariz İbrahimov belə olub – SİNİF YOLDAŞI - FOTO
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
“XI sinifdə onu, yalvara-yalvara şənliyə gətirdə bildik, çünki…”
“Onu sonuncu dəfə şəhərdə gördüm. Dedi ki, “gizirəm, görürsən, Cəmalə, oxumadım, amma arzuma çatdım; hərbiçi olmuşum”. Sağollaşdıq. Nə biləydim ki, onu sonuncu dəfə görürəm, bir gün isə şəhidliyə yüksəldiyini eşidəcəyəm”.
Rakus.az xəbər verir ki, “Sinif yoldaşı” layihəsinin budəfəki qəhrəmanı elə sözün həqiqi mənasında qəhrəmandır. I sinif fotolarında arıq oğlan kimi görünməyinə baxmayın, söhbət Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan gedir.
Mübariz İbrahimov haqqında məlumatlar çoxlarına məlum olsa da, öncə onunla bağlı zəruri bilgiləri qeyd edək:
1988-ci ildə Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 2005-ci ildə orta təhsilini başa vuraraq, hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Daxili Qoşunların Xüsusi Təyinatlı Bölüyündə keçib və 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra, 2009-cu ildə yenidən gizir rütbəsində hərbiyə qayıdıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsində xidmət etməyə başlayıb.
2010-cu il iyunun 18-də gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənilərin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Azərbaycanın Milli Qəhrəmanıdır.
Ondan danışmağa sözlər yetmir… Ən yaxşısı, biz susaq, sinif yoldaşının xatirələri danışsın…
Milli qəhrəmanın parta yoldaşı
Cəmalə müəllimə… O, hazırda bir vaxtlar Mübariz İbrahimovun əyləşdiyi partada oturan uşaqlara dərs deyir. Özünü çox səmimi formada təqdim edir:
“Cəmalə Əliyeva, Mübariz İbrahimovun sinif yoldaşıyam. Nədənsə, çox yerdə özümü belə təqdim edirəm. 1987-ci ildə Əliabad kəndində anadan olmuşam. Hazırda Mübariz İbrahimovun yaşadığı kənd kimi tanınır. 1994-cü ildə I sinfə getmişəm. 2005-ci ildə orta məktəbi bitirib, tələbə oldum. 2010-cu ildən bu günəcən Mübarizlə bir partanı bölüşdüyüm məktəbin İnformatika müəllimiyəm”.
“Bilirdim ki, bir gün nəsə edəcək…”
Düz 25 il əvvəl… Müəllim I sinif şagirdlərinə mütləq bir qızla bir oğlanın yanaşı oturmalı olduğunu deyir. Beləcə Cəmalə xanıma Azərbaycanın gələcək Milli Qəhrəmanı ilə parta yoldaşı olmaq nəsib olur. Bu, 11 il davam edir:
“Sonra müəllim hamının adını soruşdu, tanışlıq verdi. Nə biləydim ki, yanımda əyləşən arıq, sarışın oğlanı bir gün bütün ölkə tanıyacaq. I sinifdə çox cılız, arıq uşaq olması şəkillərdən yadımda qalıb. Getdikcə dəyişdi. V sinifdə idmanla məşğul olmağa başladı. Böyük qardaşı ilə idmana gedirdi.
Bilirsiz, Mübarizdən belə qəhrəmanlığı demək olar ki, gözləyirdik. Çünki çox vətənpərvər danışır, vətənpərvərliyini hələ aşağı siniflərdən büruzə verirdi. Yuxarı siniflərdə Qarabağla bağlı danışanda, ermənilərin azərbaycanlıları qətl etdiyini deyəndə əsəbiləşir, tez reaksiya verirdi. Müharibədən söz düşən kimi deyirdi ki, “orada olsaydım, düşməni belə öldürərdim, elə edərdim”. Elə bu istəyinə də nail oldu. Parta yoldaşı olduğuma görə bu sözlərini çox eşitmişdim. Bilirdim ki, bir gün nəsə edəcək…
Televiziyada atəşkəsin pozulması barədə xəbərlər yayımlananda deyirdi ki, aparsalar, cəbhəyə birinci özüm gedəcəyəm. Öz ərizəmlə… Elə də etdi. Öz ərizəsi ilə getdi…”
“Çox vaxt kiçik şeylərin üstündə dalaşardıq”
Sinif yoldaşının dediyinə görə, Mübariz İbrahimov dərslərini o qədər də əla səviyyədə oxumayıb, lakin…
“Əlaçı deyildi. Riyaziyyatdan çətinliyi vardı, hesablaya bilmirdi. Ədəbiyyatı çox sevir, həvəslə oxuyurdu. Yuxarı siniflərdə də Tarix və Ədəbiyyatı yaxşı oxuyurdu. Mikayıl Müşfiqin şeirlərini öyrənirdi. Dərsə davamiyyəti yüksək idi. İdman dərslərinə xüsusi maraq göstərir, boksla məşğul olurdu. Hətta digər dərslərdən icazə alıb, idmana gedirdi. Onun qardaşı da idmanla məşğul idi. Bəlkə həmin marağın səbəbi də elə bu idi. Mübariz ümumiyyətlə, “2” almayıb. Fiziki tərbiyədənsə həmişə “5” alardı.
İmtahanlarda deyirdi ki, Cəmalə, mənə “kopya” ver. Sən “5” alırsan, qoy, mən də “5” alım. Müəllim tapşırıq verəndə tez partanın altından vururdu ki, tez ol, Cəmalə, mənə də ötür cavabı. Ona imtahanlarda o qədər kömək etmişəm ki… Mən ona Riyaziyyatda, o isə mənə Ədəbiyyatda kömək edirdi.
Çox vaxt kiçik şeylərin üstündə dalaşardıq. Dəftərimi, qələmimi götürüb vermirdi. Qaçırdım üstünə ki, dəftərimi ver. Sinif uşaqları üstünə cumub alırdı. Sinif bir yerdə, o tək. Bunlar təbii ki, səmimi şagird zarafatları idi… Belə zarafatlarımız olurdu”.
Bir dəfə dərsdə…
Lakin Cəmalə xanım onu da deyir ki, o, çox mehriban olduğu qədər də ciddi idi. Zarafatla elə də arası olmayıb:
“Sinifdə 11 oğlan, 3 qız idik. Bəlkə də qızların yanında özünü ciddi aparırdı. Qızlarla məsafəli idi. Hansısa oğlan nəsə deyəndə arxamızda dururdu. Müəllim nəsə düzgün olmayan söz deyəndə deyirdi ki, sinifdə xanımlar var, o kəlməni qızların yanında işlətməyin. Yəni, bu qədər mühafizəkar biri idi. Qızları öz bacısı kimi müdafiə edirdi. Mənim də çox dayağımda durub. Kimsə bizə bir söz deyəndə Mübariz onunla dava edərdi.
Yaxşı yadımdadır, anatomiya dərsi keçirdik. Bilirsiniz ki, bu fəndə genekalogiya ilə bağlı bəzi mövzular var. Müəllim həmin mövzuları keçəndə Mübariz deyirdi ki, “bu mövzuları yığışdırın, keçməyin. İçəridə qızlar var”.
Bir dəfə buna görə müəllimlə mübahisəsi düşdü. Belə mövzuları keçməyək deyə təkid edəndə, müəllim onun üstünə çox getdi. Mübariz də ayağa durub, etiraz etdi. İndi həmin müəllim mənimlə işləyir. Onu görəndə özümdən asılı olmadan Mübarizi xatırlayıram”.
“Ailədə 3 qardaş idilər. Rəşad, Bəhruz və Mübariz İbrahimovlar. Aralarında ən kiçiyi Mübariz idi. Universitet oxumadı. Arzusu yalnız vətən uğrunda döyüşmək idi. Məktəbi bitirib, hərbi xidmətə yollandı, gizir oldu. Bəlkə də onu döyüşə elə idmanla məşğul olması həvəsləndirirdi.
Mübariz çətinliklə böyümüşdü. Atası əkinçilik, heyvandarlıqla məşğul olurdu. İllər keçdi, uşaqları işlədi, vəziyyətləri bir az düzəldi.
Evlərində də qonaq olmuşuq. Əməliyyat olunduğuna görə dərsə gəlmirdi. Sinif uşaqları yığışıb Mübarizi ziyarətə getdik. Anası Şamama xanım bizi çox mehriban qarşıladı. Şirniyyatla çay verdi. Şamama xanımın qızı yox idi. Ona görə də ev işlərində Mübariz ona kömək edirdi. Evin son beşiyi idi. Şamama xanım ona həddindən çox bağlı idi.
İndi sinif yoldaşlarım hamısı ailəlidir. Ona görə də çox bir yerə yığışmırıq. Küçədə bir-birimizi görəndə salamlaşmaqla kifayətlənirik. Mübarizin isə yalnız məzarını ziyarət edə bilirəm…”
“Məktəbin sonuncu ili olduğuna görə, onu yalvara-yalvara şənliyə gətirdə bildik”
Cəmalə xanımdan Mübariz İbrahimovla olan məktəb xatirələrini daha yaxşı xatırlamasını rica edirik. Üstündən illər keçsə də, bəzi hadisələr indiki kimi yadındadır. Unutduqlarını xatırlamaq üçün isə yaddaşını vərəqləyir:
“Mübarizlə xatirələrimiz çoxdur. Ən azından 11 il parta yoldaşı olmuşuq. Məktəb bitəndən sonra da əlaqəmiz olub. Mübariz tez-tez məktəbinə baş çəkirdi. Mən də məktəbdə müəllim işəyirdim.
Yaxşı yadımdadır, XI sinifdə Yeni il və Novruzu qeyd etdik. Mübariz gəlmək istəmirdi. Belə yerlərlə arası yox idi. Məktəbin sonuncu ili olduğuna görə onu yalvara-yalvara şənliyə gətirdə bildik. Bircə dəfə əlini qaldırıb oynadı. Həmişə deyirdi ki, bu şənliklərdə nə görmüsüz axı?! Bildiyiniz orta məktəb həyatı: nəyisə qeyd etmək üçün pul yığırdıq. Mübariz deyirdi ki, pul verirəm, amma gəlmirəm. Deyirdi ki, başım götürmür, elə yerlərdə çox qala bilmirəm. Elə bu onun ruhən nə qədər həssas, sakit olduğunu deyir.
Məktəb vaxtı qızlar xatirə dəftəri tuturdu. Mənim xatirə dəftərimə Mübariz də öz sözlərini yazmışdı. Onları saxlayırdım. Bir gün gördüm ki, körpə uşaqlarım dəftəri götürüb cırıblar. Çox pis oldum. Mübariz dəftərimə yazmışdı ki, “Cəmalə, o gün olsun, ali məktəbə girəsən, arzuna çatasan. Qarşına özün kimi gözəl insan çıxsın”. Öz fotosunu da yapışdırmışdı. O dəftəri elə qoruyurdum ki…
Son zəngdə də arxada oturub, sakitcə baxırdı. Sanki Allah onu vətən üçün yaratmışdı. Vətən uğrunda da getdi…”
“Döyüşkən ruhlu olsa da, boş şeylərə görə mübahisə etməzdi”
Sinif yoldaşı Milli Qəhrəmanın xarakteri, daxili aləmindən də söz açıb:
“Mübariz dərslərini yaxşı oxuyanda sevinirdi. Amma ondan dərs soruşmayanda da deyirdi ki, müəllim bu gün məndən dərs soruşmadı” (gülür)
Haqsız danışan insanlara əsəb olurdu. Fərqi yoxdur, bu şəxs müəllimdir, şagirddir, yoxsa öz valideyni. Daxilən çox mehriban idi. Bu qədər il keçdi, kiməsə qarşı artıq hərəkətini görmədik. Döyüşkən xarakterli olsa da boş şeylərə görə mübahisə etməzdi. Yalnız haqsızlıq onu özündən çıxarırdı. O, haqqın tərəfdarı idi.
Müəllimləri ilə münasibətləri həmişə yaxşı olub. Onun xətrini hamı çox istəyirdi. Düzdür, müəllimlərin onu tənqid etdiyi, mübahisə etdikləri vaxt da olub, amma aradakı sevgi və hörmət həmişə hiss olunub.
Bilirsiz, Mübariz sözgötürən deyildi. Çox qeyrətli idi. Kiminsə ona söz deməsini qəbul edə bilmirdi. Müəllim ona sərt cavab verəndə o da sərt reaksiya verir, mübahisə edirdilər. Əgər 2 uşaq dalaşardısa, Mübariz haqlı tərəfi müdafiə edirdi. Ən yaxın sinif yoldaşı isə Vüqar idi. Daim onunla gəzərdi”.
Son görüş – “Oxumadım, amma arzuma çatdım”
Cəmalə xanım Mübariz İbrahimovla sonuncu görüşünü belə xatırlayır:
“Onu sonuncu dəfə şəhərdə gördüm. Eyni avtobusda gəlirdik. Ovaxtlar gizir işləyirdi. Evlərinə gedirdi. O, arxa oturacaqlarda əyləşmişdi, mən isə qabaqda. Kimsə qalın səslə gəlib mənimlə salamlaşdı. Baxdım ki, Mübarizdir. Çox dəyişmişdi. Nə işlə məşğul olduğunu soruşdum. Dedi ki, “gizirəm, görürsən, Cəmalə, oxumadım, amma arzuma çatdım. Hərbiçi olmuşum”. Sağollaşdıq. Mən düşdüm, o isə evlərinə getdi. Nə biləydim ki, onu sonuncu dəfə görürəm, bir gün şəhidliyə yüksəldiyini eşidəcəyəm.
İndiyəcən Mübarizin hansısa qızı sevdiyini eşitməmişəm. Bu haqda söz açanda deyirdi ki, belə söhbətlər mənlik deyil. Əsgərliyimi çəkib gəlim, bəlkə ondan sonra. Sonuncu dəfə avtobusda görəndə soruşdum ki, Mübariz, hələ də qız yoxdur? Güldü… Cavab verdi ki, sən özündən danış. Özün niyə ailə qurmursan? Dedim ki, mən universitet oxuyuram. Cavab verdi ki, mən də gizirlik oxuyuram, ancaq bitirdikdən sonra. Bəlkə də bu, elə onun şəhid olmaq arzusu ilə bağlı idi. Əvvəldən ürəyində şəhidliyi tutmuşdu. Ona da nail oldu. Sinif yoldaşlarına deyirdi ki, siz kişisiniz əsgərlikdən niyə qorxursuz?!”
“Şagirdlərimə Mübariz haqda danışıb doluram…”
Cəmalə xanım çətin də olsa, parta yoldaşının şəhid olduğu günü xatırlayır:
“Şəhid olduğunu eşidəndə müəllim yoldaşlarımla evlərinə getdik. Elə kədərli idik ki, sözlə ifadə edə bilmirəm. Hamıya özünü elə sevdirmişdi ki…
Valideynləri ilə görüşdüm. Anası Şamama xala məni qucaqlayıb ağladı. Dedi ki, oğlum yuxuma girmişdi. Belə olacağını bilirdim. Həmişə şəhid olmaqdan danışırdı. Bilirsiz, Mübariz Şamama xalanın sonbeşiyi idi. Ona ümidləri çox idi. Dəfn mərasimində mənə dedi ki, qızım yadındadır, çox dalaşıb-barışırdınız.
İndi də hər anım günündə Mübarizi ziyarət edirik. Elə o gün anası ilə küçədə üz-üzə gəldik. Salamlaşıb görüşdük.
Mübariz İbrahimov mənim üçün təkcə sinif yoldaşı, Milli Qəhrəman deyil, ölməz şəxsiyyətdir. Bir vaxtlar onunla sinif yoldaşı olduğum üçün fəxr edirəm. Hara getsəm deyirəm ki, Mübariz mənim parta yoldaşım olub.
İndi həmin məktəbdə müəlliməm. Şagirdlərimə Mübariz haqda danışıram. Deyirəm ki, siz də onun kimi olun. Onun igidliklərindən danışıb doluram…”
Uşaqlıq, məktəb, əsgərlik dostu…
AzEdu.az Cəmalə xanımın təbirincə desək, Mübariz İbrahimovun ən yaxın dostu, sirdaşı Vüqar Əgərovla da əlaqə saxladı. Cəmalə xanımın da dediyi kimi, Milli Qəhrəmanın məktəbdəki ən yaxın dostu Vüqar olub. Amma daha sonra bildik ki, bu dostluq məktəbdən illər əvvəl başlayıb. Boşuna demirlərmiş, uşaqlıqdan başlanan dostluqlar daha möhkəm olur. O, dostunu qısaca belə xarakterizə etdi:
“Mübarizlə bir kənddə böyümüşük. Uşaqlığımız bir keçib. Məktəbə də bir getdik, 11 il bir sinifdə oxuduq. Yaxşı yoldaş, əsl sirdaş olduq. Çox vətənpərvər, nümunəvi, ürəyitəmiz biri idi.
Məktəb illərində də, əsgərlikdən sonra da həmişə deyirdi ki, mən ölkəmin bayrağını ucaldacağam. Torpaqlarımız üçün canımı verməyə hazıram. Elə alındı ki, əsgərliyə də bir getdik. Əsgərliyə getmək üçün hərbi komissarlıqda görüşməyimiz yadımdadır. O, Xüsusi Təyinatlı Qüvvələrə düşdü, mənsə Naxçıvana… Fərqli yerlərdə xidmət etsək də, əsgərliyə bir vaxtda gedib, eyni vaxtda başa vurduq. Əsgərlikdən gələndən sonra da dostluğumuzu unutmadıq. Ara- sıra görüşürdük.
Gizir, hərbiçi idi… Sonra Mübariz arzusuna çatdı… Şəhid olmaq arzusuna…”
Son yadigar
Vüqar bəydən Mübariz İbrahimovla olan məktəb fotolarını istədikdə isə belə cavab verir:
“Məndə onun şəkilləri çox idi. Hamısını saxlayırdım. Şəhid adına yüksələndən sonra xeyli dövlət adamı məndən onun şəkillərini istədi. Onlara verdim, qaytarmadılar. Mən də qaytarmalarını xahiş edə bilmədim. Məndə dostumun bircə dənə şəkli qalıb. Onu da sırf özüm üçün saxlayıram. İnciməyin, heç kimə verə bilmərəm. Dostumun məndə tək yadigarıdır”. (AzEdu.az)