Müdafiə Nazirliyi “AzeriMed”i Fəxri Fərmanla təltif etdi
Sentyabrın 27-də Qarabağ uğrunda Vətən müharibəsi başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan ordusu böyük Zəfər çaldı.
Rakus.az xəbər verir ki, bu çətin günlər ərzində bütün Azərbaycan bir yumruq kimi birləşdi.
Vətən Müharibəsi həm də dünyaya ağır günlər yaşadan COVID-19 pandemiyası dövrünə təsadüf etdi. Çətinliklərə baxmayaraq “AzeriMed” ailəsi ‘’Hər şey Vətən üçün’’ deyərək hər iki cəbhədə fəal mübarizəyə qoşuldu.
Hər bir Azərbaycan vətəndaşı kimi “AzeriMed” QSC-nin əməkdaşları da müqəddəs, tarixi torpaqlarımız uğrunda döyüşlərə böyük qürur hissi, ruh yüksəkliyi və mütəşəkkil şəkildə qoşuldu. Qısa müddətdə şirkətin ayrı-ayrı bölmələrində çalışan 48 əməkdaş könüllü və rəsmi çağırışçı kimi ordu sıralarına yola düşdü.
“AzeriMed’’ QSC rəhbərliyi orduya dəstək məqsədilə həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatlarını davamlı şəkildə Azərbaycan ordusunun sərəncamına göndərdi.
Bundan əlavə, şirkət müharibə zonasına yaxın ərazilərdə yaşayan əhaliyə COVID-19 ilə mübarizə üçün təmənnasız olaraq çoxlu sayda tibbi maska, dezinfeksiya və gigiyena vasitələri göndərdi. Həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatlarının Azərbaycan ordusunun sərəncamına davamlı şəkildə göndərilməsi təmin olundu.
Şirkətin 48 könüllüsündən biri – İlkin Ağakişiyev müharibədə qızğın döyüşlər zamanı ağır yaralanaraq Şəhidlik zirvəsinə ucaldı. İlkin əbədi olaraq, “AzeriMed”in fəxri və unudulmaz əməkdaşı kimi daim qəlblərdə yaşayacaqdır!
“AzeriMed” QSC-nin dövlət, xalq qarşısında xidmətləri layiqincə qiymətləndirilib. Şirkət Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı ordumuzun tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz rejimdə təmin olunmasında, yaralılara tibbi yardımın təşkilində, zəruri avadanlıq, dərman vasitələri və digər ləvazimatlarla təminatına verdiyi layiqli töhfəyə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
Müharibə dövründə fəaliyyətimizə verdiyi dəyər üçün Müdafiə Nazirliyinə öz minnətdarlığımızı bildiririk.
Şirkət rəhbərliyinin və əməkdaşların bu uğura, böyük qiymətə bir cavabı var:
Azərbaycan Respublikasına xidmət edirik!