Müsəlman seçicilər atəşə tutuldu
Şri-Lankada bir qrup silahlı naməlum şəxs bu səhər yerli müsəlman icmasının üzvlərini prezident seçkilərində səs verməyə aparan avtobus karvanına odlu silahdan hücum edib.
Rakus.az xəbər verir ki, bu barədə ada respublikasının polisi məlumat yayıb.
Bildirilib ki, insident ölkənin şimal-qərb hissəsində məntəqələrin açılmasından bir qədər əvvəl baş verib. Yolda maneələr quraşdıran naməlum şəxslər yüzdən çox avtobusun olduğu karvana hücum edib. Onlar həmçinin avtobusları daş-qalaq edib, yolda şinlər yandıraraq maşınların təyinat nöqtəsinə çatmasına mane olub.
Hazırda polis cinayətkarları axtarır. Hadisədən sonra asayişin qorunması məqsədilə Şri-Lankanın böyük şəhərlərinə əlavə ordu birləşmələri yerləşdirilib.
Xatırladaq ki, bu gün Şri-Lankada prezident seçkiləri keçirilir. Seçkilərdə təqribən 16 milyon seçici iştirak edir, səsvermə 22 dairədə keçirilir.