“Arsenal” ermənistanlı futbolçusu Henrik Mxitaryanla bağlı yekun qərarını açıqlayıb.
Rakus.az xəbər verir ki, klub rəsmi bəyanatında 30 yaşlı yarımmüdafiəçinin Avropa Liqasının final oyunu üçün Bakıya gətirilməyəcəyini vurğulayıb.
Azərbaycan hökuməti tərəfindən təhlükəsizliklə bağlı təminat verilməsinə baxmayaraq, “topçular” oyunçusunu Bakıya gətirməmək israrını davam etdirib: “Təəssüflə bildiririk ki, Mxitaryan Avropa Liqasının “Çelsi” ilə keçiriləcək final oyununun heyətində yer almayacaq. Onun heyətə salınıb-salınmaması ilə bağlı müzakirələr apardıq. Ailəsi ilə görüşdükdən sonra səfərə yollanmamasını qərarlaşdırdıq. Biz vəziyyətlə bağlı narahatlığımızı UEFA-ya bildirdik. Henrik finala qədər irəliləməyimizdə böyük rol oynadı. Onun yoxluğu komandamız üçün ciddi itki olacaq. Belə finallar isə futbolçu karyerasında az olur. Mxitaryanın həlledici görüşü buraxacağı üçün məyusuq. O, həftəsonu Bakıya gedənə qədər komanda ilə birlikdə hazırlaşacaq”.
Xatırlayaq ki, Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal”la “Çelsi” arasında keçiriləcək.