Narkotik iynə vurub sərnişin daşıdı - FOTO
Yol polisi narkotik vasitənin təsiri altında Bakıdan Astaraya sərnişin daşıyan sürücünü saxlayıb.
Rakus.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Bakı şəhəri, Bülbülə qəsəbə sakini Əvəz Abbasov taksi kimi idarə etdiyi “Tofaş” markalı avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.
Bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyən edilib.
Həmçinin hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinəyə dəvət edilib. Ə.Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.
Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən də narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.