NASA Günəşin atmosferi ilə bağlı maraqlı tədqiqat apardı
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Günəşin atmosferi ilə bağlı maraqlı tədqiqatı dərc olunub.
Rakus.az xəbər verir ki, NASA-nın “Parker Solar Probe” kosmik zondu ilə həyata keçirilən “Günəşə toxun!” missiyası çərçivəsində əldə olunan məlumatların təhlili “Nature” elmi jurnalında dərc edilib. Qeyd olunub ki, “Parker” artıq Günəşə 24 milyon kilometr məsafədə yaxınlaşa bilib və onun “Günəş tacı” adlanan atmosferini tədqiq edib. Kosmik zondun “qızmar planetə” daha yaxın məsafədə uçuşu isə 2024-cü ilin dekabrında nəzərdə tutulub.
“Parker” zondunun ölçüsü kiçik avtomobil qədərdir və 3-D fotoşəkilləri çəkən aparat, elektrik və maqnit sahələrini ölçən cihazla, həmçinin Günəş tacından gələn güclü radiasiya axınını ölçmək üçün xüsusi avadanlıqla təchiz olunub. Onun göndərdiyi məlumatların təhlili zamanı məlum olub ki, Günəşin atmosferində istinin dərəcəsi onun səthində olduğundan yüzlərlə dəfə çoxdur. Məhz bu temperatur Günəş küləklərinin yaranmasına səbəb olur.
Kaliforniya Universitetinin professoru Stüart Beyl qeyd edib ki, tədqiqat nəticəsində Günəş küləyinin mənşəyinin onun atmosferində olan kiçik dəliklər olduğu müəyyən edilib. Həmçinin məlum olub ki, bu küləklərin iki komponenti var: onlardan ən güclüsü saniyədə 700 kilometr sürətlə əsir və Günəşin qütb zonasındakı dəlikdən çıxır. Digər “yavaş” küləyin gücü isə saniyədə 500 kilometrdir və mənşəyi məlum deyil. Eyni zamanda, Günəş atmosferində olan qatı toz dumanı səbəbindən “Parker”in kameraları fotoşəkil və videomaterialları hazırlayıb Yerə göndərə bilməyib.
Londonun İmperial Kollecinin professoru Tim Harbori qeyd edib ki, Günəşin özündə temperatur minlərlə dərəcə olduğu halda, onun atmosferində milyonlarla dərəcəyə çatır. O, bunun möcüzə olduğunu bildirib. Əlavə edib ki, normal məntiqlə Yerin özündə temperatur onun atmosferində olduğundan daha istidir və uzaqlaşdıqca hərarət azalmalıdır. Günəşdə isə bu, əksinədir. Alimlər bu anomaliyanı izah edə bilmirlər. Günəşin müşahidələri göstərib ki, küləklər nəticəsində artan radiasiyanın fonunda dalbadal güclü partlayışlar baş verir. Professor Harbori ehtimal edir ki, onların nəticəsində atmosferə qızmar hava dalğası yayılır və Günəş tacı onun özündən daha çox isti olur.
Alimlər dörd ildən sonra “Parker” zondunun Günəşə daha çox yaxınlaşacağı zaman Yerə göndərəcəyi məlumatlara böyük ümidlər bəsləyirlər.