NASA ICON peykini orbitə buraxdı
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yerin atmosferinin ion təbəqəsini tədqiq edəcək ICON peykini orbitə buraxıb.
Rakus.az NASA-nın saytına istinadla xəbər verir ki, “Pegasus” raketdaşıyıcısının modifikasiya olunmuş “L-1011 Stargazer” nəqliyyat təyyarəsindən startı yarım saatlıq gecikmə ilə Birləşmiş Ştatların şərq sahilindən həyata keçirilib. Canlı yayımda nümayiş olunan prosesin sonunda peykin orbitə çatdığı xəbər verilib.
Bildirilib ki, start üçün platforma rolunu oynayan təyyarə ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən hərbi aerodromdan havaya qalxıb və 11,9 kilometr yüksəkliyə çatdıqdan sonra peykin olduğu raketdaşıyıcını orbitə ata bilməyib. NASA-nın məlumatında bildirilib ki, həmin dəqiqələrdə “L-1011 Stargazer” ilə rabitə itib və dispetçerlər raketin təyyarədən ayrılmasını təxirə salmağa məcbur olublar. Təyyarə 30 dəqiqədən sonra yenidən dairə vurub və növbəti dəfə raketdaşıyıcını orbitə ata bilib. Sərbəst olduqdan beş saniyə sonra “Pegasus” raketdaşıyıcısının mühərriki avtomatik rejimdə işə düşüb və NASA-nın da planlaşdırdığı kimi, 10 dəqiqə ərzində ICON peykini aşağı Yerətrafı orbitə buraxa bilib.
ICON missiyası iki il müddətinə nəzərdə tutulub. Üç pillədən ibarət olan “Pegasus XL” raketinin istehsalçısı isə Amerikanın “Northrop Grumman” korporasiyasıdır. Əvvəlcə, peykin orbitə göndərilməsi ötən ilin oktyabrına nəzərdə tutulmuşdu. Lakin raketdaşıyıcının uçuş qabağı sınaqlarının uzanması səbəbindən start təxirə salınmışdı.
Qeyd olunur ki, 0,27 ton çəkisi olan ICON Yerin atmosferinin yuxarı qatının 50 kilometr yüksəklikdə yerləşən ion təbəqəsini tədqiq etmək üçün hazırlanıb. Bu təbəqə zəif ion plazmasının parçalanmış təbii forması olaraq planetimizin maqnit sahəsində yerləşir. Burada olan yüksək keçirici qabiliyyətli spesifik xüsusiyyətlər sayəsində radiodalğaların sürətlə yayılması baş verir. Məhz bu təbəqə radiorabitə kimi uzaq məsafəli rabitə əlaqəsini təmin edir.