Natəvan Hacıyeva dünyasını dəyişdi
Azərbaycan televiziyasının tanınmış diktoru, respublikanın əməkdar artsiti Natəvan Hacıyeva dünyasını dəyişib.
Rakus.az xəbər verir ki, bu barədə N.Hacıyevanın yaxınları məlumat verib.
1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmış Natəvan Hacıyeva orta məktəbi bitirdikdən sonra o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. Natəvan Hacıyevanı tamaşaçılara sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü və qəlbə yatan məlahətli səsi olub.
N.Hacıyeva ömrünün 56 ilini milli televiziyamıza həsr etsə də, “Aygün” filmindəki epizodik rolu sənətdə ilk debütü sayırdı. Onun 2000-ci ildə çapdan çıxmış “Mən o günləri yaşamışam” kitabında Azərbaycan televiziyasında çalışdığı illərlə bağlı unudulmaz xatirələri öz əksini tapıb.
Allah rəhmət eləsin!