Neft şirkətləri 55 milyard dollarlıq istiqraz satdı
Nəhəng neft şirkətləri koronavirusla əlaqədar tələbatın azalması fonunda əlavə maliyyələşdirmə təmin etmək üçün mart ayının ortalarından etibarən 55 milyard dollarlıq istiqraz satıb.
Rakus.az xəbər verir ki, qlobal neft sənayesində istehsalçılar və tədarükçülər “qara qızıl”ın qiymətinin düşməsinə və koronavirusun təsirlərinə tab gətirmək üçün təxminən bir ay ərzində 100 milyard dollardan çox əlavə maliyyələşdirmə təmin etmək yolunda irəliləyir.
“ExxonMobil” şirkəti iki hərracda 18 milyard dollarlıq yeni istiqraz sataraq ən aktiv şirkət olub. Həm BP, həm də “Royal Dutch Shell” istiqrazlar və yeni bank maliyyələşdirmə yolu ilə 15 milyard dollardan çox vəsait toplayıb. Malayziyanın “Petroliam Nasional Bhd.” şirkəti 6 milyard dollarlıq istiqraz sataraq bu il Asiyada ən böyük dollar istiqrazı satan şirkət olub.
“Bloomberg”in hazırladığı məlumatlara görə, qlobal neft şirkətləri martın 17-dən etibarən dollar, avro və funt sterlinq ekvivalenti olmaqla təxminən 55 milyard dollarlıq istiqraz satıb. İlin əvvəlindən bu vaxta qədərki rəqəm isə 83 milyard dollar olub.