“Nissan” ötən ili zərərlə başa vurub
Yaponiyanın “Nissan Motor” avtomobilqayırma korporasiyası 2019-cu maliyyə ilində (martın 31-də sona çatıb) balans hesabatını 671,2 milyard yen (təxminən 6,3 milyard ABŞ dolları) kəsirlə bağlayıb.
Rakus.az xəbər verir ki, bu barədə şirkətin Yokohamadakı qərargahında səhmdarların iclasında bildirilib.
“Nissan Motor”un prezidenti Makoto Utida itkilərə görə səhmdarlardan üzr istəyib və onlardan korporasiyanın COVID-19 pandemiyası ilə əlaqəli çətin bazar şəraitində fəaliyyətlərini restrukturizasiya etmək kursunu təsdiqləmələrini istəyib.
Şirkət menecmenti İndoneziya və İspaniyadakı zavodları bağlamağı, ümumi istehsal gücünü 20% azaltmağı, işçi qüvvəsində geniş ixtisar etməyi planlaşdırır.
Eyni zamanda, korporasiyanın rəhbərliyi konqlomeratın keçmiş rəhbəri Karlos Qonun maliyyə fırıldağı ittihamı ilə Tokioda tutulması səbəbindən münasibətləri əhəmiyyətli dərəcədə soyumuş “Renault” – “Nissan” – “Mitsubishi” Fransa-Yaponiya alyansı çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.
2019-cu ildə alyansa daxil olan şirkətlər 9,34 milyon avtomobil satıb ki, bu, öncəki ilə nisbətən 10,9% azdır. Pandemiya ilə əlaqəli tətbiq edilən müxtəlif məhdudiyyətlər səbəbindən vəziyyət daha da pisləşib. Məsələn, Yaponiyada may ayında avtomobil satışları əvvəlki ilin eyni ayı ilə müqayisədə 35,2% azalıb.