Obama dünyanı qadınların idarəetməsini təklif etdi
ABŞ-ın keçmiş prezidenti Barak Obama deyib ki, dünya qadınlar tərəfindən idarə edilsə, daha yaxşı olar.
Rakus.az xəbər verir ki, Sinqapurda liderlik mövzusunda özəl bir tədbirdə danışan Obama dünyadakı bir çox problemlərin öz vəzifələrində qalan adətən yaşlı kişilər tərəfindən yaradıldığını düşünür.
“Onlar hakimiyyətdən yapışır, özlərinə arxayın deyillər, onların ideyaları köhnəlmişdir, enerjiləri, yeni fikirləri və baxışları isə yox dərəcəsindədir”,- Obama bildirib.
Amerikanın sabiq lideri deyib ki, əgər növbəti iki il ərzində hər bir ölkədə qadın hakimiyyətə gəlsə, dünyada demək olar bütün sahələrdə inkişaf müşahidə etmək mümkün olardı: “Mən tamamilə əminəm ki, əgər növbəti iki il ərzində yer üzündə bütün ölkələr qadınlar tərəfindən idarə edilsə, siz demək olar bütün sahələrdə əhəmiyyətli inkişaf görərsiniz…daha az müharibə olardı, uşaqlara daha yaxşı qayğı göstərilərdi, həyat səviyyəsi və nəticələr daha yaxşı olardı”.
Obama həmçinin hakimiyyətdə olduğu zaman qadınların idarəçiliyi altında dünyanın mənzərəsini təsəvvür etməyə çalışdığını deyib: “Qadınlar, mən sizin bilməyinizi istəyirəm ki, siz də mükəmməl deyilsiniz, amma tam şübhəsiz ki, siz bizdən, kişilərdən yaxşısınız”.
Keçmiş ABŞ prezidentinə siyasətə yenidən qayıtmaq planları ilə bağlı sualın cavabında o cavab verib ki, liderlərin vaxtı çatanda kənara çəkilməli olduqlarına inanır.
“Siyasi liderlərin özlərinə xatırlatması vacibdir ki, onlar iş görmək üçün buradadır, siz burada ömürlük deyilsiniz, özünüzün əhəmiyyətli olduğunu, ya da öz gücünüzü hiss etmək üçün burada deyilsiniz”, – Obama bildirib.
Barak Obama 2008-2016-cı illərdə Amerika Birləşmiş Ştatlarının prezidenti olub. Prezidentlik müddəti başa çatdıqdan sonra o, keçmiş birinci xanım Mişel Obama ilə Obama Fondu yaradıb.
Barak Obama 2016-cı ildə ikinci dönəm hakimiyyətinin bitməsindən sonra keçirilən prezident seçkilərində ilk dəfə olaraq Ağ Ev uğrunda mübarizə aparmaq üçün Demokrat partiyasından nominasiya almış qadın namizəd Hillari Klintona dəstək vermişdi. ABŞ-ın keçmiş dövlət katibi, senatoru və birinci xanımı olan Hillari Klintonun seçkilərdə əsas partiyadan nominasiya almış ilk qadın namizəd olması Amerika tarixində ilk dəfə olaraq qadın prezidentin seçilməsi perspektivini mümkün etmişdi.
Lakin Klintonun 2016-cı il seçkilərində respublikaçı Donald Trampa məğlub olmasından sonra onun özünün dediyi kimi, “ən yüksək və ən ağır şüşə tavanı” sındırmaq mümkün olmamışdı.
Dünyanın 20-dən çox ölkəsində dövlət başçısının qadın olmasına baxmayaraq, Amerika Birləşmiş Ştatlarında hələ də qadın prezident seçilməyib. Hazırda Birləşmiş Ştatlar 2020-ci il prezident seçki ilinə qədəm qoymağa hazırlaşdığı vaxt Demokrat partiyasından rekord sayda qadının ölkənin ən yüksək vəzifəsini tutmaq üçün namizədliyini irəli sürməsi Amerika tarixində ilk qadın prezidentin seçilə bilməsi perspektivini yenidən mümkün edir.