OPEC Nazirlər Şurasının iclası iyunda baş tutacaq
Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 179-cu iclası bu il iyunun 9-da keçiriləcək.
Rakus.az xəbər verir ki, iyunun 10-da isə OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 9-cu görüşü təşkil olunacaq.
Martın 5-də OPEC Nazirlər Şurasının 178-ci iclasında kartel üzrə neft hasilatının sutkada 1 milyon barrel, “OPEC+” üzrə isə gündəlik 0,5 milyon barrel azaldılması qərarlaşdırılıb. Lakin “OPEC+” nazirlərinin martın 6-da keçirilən 8-ci görüşündə OPEC-in bu təklifi qəbul edilməyib. Mövcud razılaşmanın müddəti isə martın 31-də başa çatacaq.
Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə “OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.