OPEC neft tədarükü sutkada 10-15 milyon barrel azaldır
OPEC və tərəfdaşları qlobal neft hasilatının ciddi şəkildə azaldılması barədə qərar qəbul edə bilər.
Rakus.az xəbər verir ki, bu sözləri Küveytin Neft naziri Xalid Əli Məhəmməd əl-Fadil “OPEC+” nazirlərinin bu gün keçiriləcək videokonfransı ərəfəsində deyib.
Onun sözlərinə görə, əsas müzakirə mövzusu neft hasilatının gündəlik 10-15 milyon barrel azaldılması olacaq.
Nazir qeyd edib ki, hazırda qarşıda duran məqsəd neftin qiymətinin kəskin ucuzlaşmasının qarşısını almaq və enerji bazarında tarazlığı yenidən bərpa etməkdir. “OPEC+” çərçivəsində aparılan görüşlə yanaşı, hazırda ABŞ kimi iri hasilatçı ölkələrlə də danışıqlar aparılır.
Xatırladaq ki, “OPEC+” üzrə neft hasilatının azaldılması ilə bağlı saziş martın 31-də başa çatıb. Buna Səudiyyə Ərəbistanı və Rusiya arasında fikir ayrılığı səbəb olub. OPEC ölkələrinin hasilatı artırması və koronavirusun yayılması nəticəsində neftin qiyməti kəskin ucuzlaşıb.