Ordenli igidlərimiz: Qürur duyulası ömür
Səhərdir. Səma açıq olduğundan baxışlarım sonsuzluğacan uzanıb gedir. Yenicə üfüqdən boylanmış günəş bənövşəyi şüalarını yer kürəsinin üzərinə səpələməyindədir. Bənzərsiz çöhrəsini üzümüzə yenicə açmış səhərin gözəlliyini seyr edə-edə Şəhidlər xiyabanına gedirəm.
“Azərbaycan Bayrağı” ordenli hərbi tibb bacısı Məleykə Əhmədovanın məzarı yanında ayaq saxlayıram. Bir vaxtlar Məleykə özü də Xiyabana ziyarətə gələrdi. İndi mən onun qəbri önündə dayanmışam. Gələcəkdə nələrin olacağını isə heç kim bilmir. Məzarının baş daşındakı şəklindən boylanan kədərli baxışları qəlbimdə bu cəsur qadınla bağlı xatirələrimin qapılarını geniş açır. Acılı-şirinli xatirələr bir göz qırpımında nar dənələri kimi ətrafa səpələnərək sanki yaşanmış illəri geri qaytarır. Xatirələrin sirli-sehrli pıçıltısında ömür kitabımı vərəqlədikcə yadıma düşdü ki, Məleykəylə ilk dəfə soyuq qış günündə – 3 yanvar 1993-cü ildə bir tədbirdə rastlaşmışdıq. Bu, mənim cəbhə bölgəsinə ilk ezamiyyətim, doğma Qarabağla birinci görüşüm idi. Ağdam rayonunun Xındırıstan kəndindəki məktəbin müəllim və şagirdləri ilə Ağdərə istiqamətinə – erməni işğalçılarından azad olunmuş torpaqlarımızı ziyarət etməyə gedirdik. Qurbanlıq heyvanlar da götürmüşdük. Yəqin ki, işğaldan sonra rahat nəfəs alan torpaqlarda ilk qurbanlar kəsiləcəkdi. Sərsəng gölünü görəcəyimi biləndə sevindim. Qarabağ döyüşlərinin iştirakçısı və bu tədbirin təşkilatçısı polkovnik Sabir Şabanov dedi ki, hospitaldan da gələcəklər. Həkimlər, tibb bacıları ilə yanaşı şəfa ocağının ansamblı da bizə qoşulacaq.
Hospitaldan gələnləri ağ örpəyə bürünmüş qarlı yamacın ətəyində gözləyirdik. Dayanmadan yağan qar sanki bir rəssam kimi ətrafa gözəl mənzərə çəkirdi. Sinə dolusu nəfəs alır, ilk dəfə gördüyüm gözəlliklərdən gözümü çəkmirdim. Hospitaldan gələnlər çox gecikmədilər. On dəqiqədən sonra yanımızda təcili yardım maşını dayandı. Birinci dəfə gördüyüm adamlarla yüz ilin tanışları kimi mehribancasına görüşdüm. Gülümsər və ünsiyyətcil qız olan Məleykəni də ilk dəfə bax orada – Qarabağ torpağında gördüm. Hospitalda hərbi tibb bacısı işlədiyini dedi. Sinəsindən qara haşiəyə alınmış əsgər şəklinin asıldığını görüb kim olduğunu soruşdum. Kədərli səslə: “Qardaşım Kamandarın şəklidir. Fərrux dağı uğrunda gedən döyüşdə şəhid oldu, hələ qırxı çıxmayıb”, – dedi. Dil-ağız edib başsağlığı verdim. Bir azdan maşınlar Ağdərəyə tərəf yön aldı.
Havanın sakitliyi qəlbimizdə xoş duyğular oyadırdı. Külək burada şəhərdəki kimi dəlilik eləmir, astadan əsirdi. Deyəsən, dağlar, dərələr onun əl-qolunu bağlamışdı. Yolboyu heyranı olduğum gözəl mənzərələri yaddaşıma köçürürüdüm. İlk dəfə ayaq bassam da, bu torpaq mənə doğma gəlirdi. Sanki gözümü dünyaya burada açmış, bu bölgənin havasını udub suyunu içə-içə böyümüşdüm. Qarşıdakı döngəni keçən kimi Ağdərənin mərkəzi kitab kimi qarşımızda açılıb məhəllə-məhəllə vərəqləndi. Şəhərin gözəlliyi göz oxşayırdı. Deyəsən, nağıllar aləminə düşmüşdük. Rayon mərkəzi hündür dərələrlə əhatə olunmuşdu. Sanki qarlı yüksəkliklər Ağdərəni qolları üstündə saxlamışdı. Bu mənzərəni görəndə ağlıma gəldi ki, bəlkə də elə şəhərin adını qış vaxtı qoyublar: Ağdərə – yəni dərələrinə qar yağmış məkan.
Sərsəngə günortaya yaxın çatdıq. Əhatəmizdəki gözəlliyə doyunca baxmaq üçün adam Tanrıdan əlavə bir neçə göz almaq istəyirdi. İşvəli gəlinə bənzəyən Sərsəng nazlana-nazlana yellənib dalğaları ilə göylərə güzgü tutub gülümsəyirdi. Düşməndən azad olunmuş torpaqlar rahat nəfəs alırdı. Maşınlardan düşən kimi Qarabağın xilaskarları olan əsgərlərlə görüşdük, ürəyimiz dağa döndü. Döyüşçülərin ayaqları altında qurbanlar kəsdik. Ansamblın üzvləri gölün sahilində “səhnə” düzəltdilər. Azad olunmuş torpaqlara həzin musiqi sığal çəkdi. Müğənnilərin ifa etdikləri ilk mahnı da elə “Qarabağ şikəstəsi” oldu…
Aşpazlar qurbanlıq qoyunların ətindən dadlı yeməklər hazırladılar. Günortaya yaxın bişirilmiş xörəkləri xüsusi termoslara doldurub Çıldıran kəndini qoruyan döyüşçülərin yanına yollandıq. Məleykə də bizimlə getdi.
Qarlı-şaxtalı səngərlərdə yurdumuza keşik çəkən əsgərlərlə görüşüb hal-əhval tutduq, söhbət etdik, yeməyi onlara çatdırdıq. Məleykə döyüşçülərdən birinin çəkməsinin söküldüyünü görən kimi özününkünü çıxarıb ona verdi. Özü isə döyüşçünün sökülmüş çəkməsini geyindi. Əsgər onunla razılaşmaq istəməyəndə Məleykə kədərli səslə: “Qardaşım Kamandar da əsgər idi, bu yaxınlarda şəhid oldu. Mən səni özümə qardaş bilirəm”, – dedi. Bu sözlər döyüşçünü fikrindən döndərdi. Tibb bacısının kişiyanə hərəkəti hamıya xoş təsir bağışladı. Elədiyi bu jest Məleykənin vətənpərvərliyindən və Azərbaycan əsgərinə sonsuz sevgisindən xəbər verirdi.
Çox keçmədi ki, ön mövqelərdən Sərsəngin sahilinə döndük. Hələ də musiqi sədaları Qarabağın təmiz havasına qarışıb qarlı çöllərə yayılırdı.
Geriyə axşama yaxın qayıtdıq. Hospitaldan gələnlərlə elə səhər-səhər görüşdüyümüz yerdə ayrıldıq. Sağollaşanda Məleykə məni hospitalın bir yaşına dəvət etdi. “Əgər həmin vaxt bu tərəflərdə olsam, gələrəm”, – dedim.
…Xoşbəxtlikdən iş elə gətirdi ki, həmin ərəfədə bu bölgəyə ezamiyyətə getdim. O günlərdə hospital Ağdamın kəndlərinin birində yerləşirdi. Gəlişimə sevinən Məleykə məni gülərüzlə qarşıladı.
Hospitalın bir yaşına həsr olunmuş tədbir yenicə başlamışdı ki, həkimlərin bir-bir zaldan çıxdıqlarını gördük. Məleykə də qalxıb gedəndə qulağıma pıçıldadı ki, hospitala yaralı gətiriblər. Həkimlər getsə də tədbir öz axarı ilə davam elədi.
Həmin gün Məleykə ilə bir az da yaxından tanış oldum. Tibb bacısı ermənilərin ailələrinin başına gətirdikləri dəhşətli hadisələrdən yana-yana söz açdı. Onun qəmli hekayətini ürək ağrısı ilə dinlədim. Qədim torpaqlarımız olan Ermənistanda dünyaya göz açmış Məleykə uzun illər doğma kəndləri olan Böyük Ayrımdan bir az uzaqdakı Axtala qəsəbəsindəki xəstəxanada tibb bacısı işləmişdi. Hələ Sovet hökumətinin vaxtlarında ermənilər Məleykənin iki qardaşını – Yaqubu və Səyyadı vəhşicəsinə öldürmüşdülər. Qarabağ hadisələri yenicə alovlanmağa başlayanda işlədiyi xəstəxananın rəhbərliyi Məleykəni ixtisasını artırmaq üçün İrəvana göndərir. Baş həkim düşünür ki, tibb bacısı hadisələrdən qorxub ölkənin paytaxtına getməyəcək. O da bunu bəhanə edib Məleykəni işdən qovacaq. Həmin günlər ermənilər İrəvanda mitinq keçirərək Moskvadan Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər. Bax, belə gərgin və təlatümlü bir vaxtda cəsur ürək sahibi olan Məleykə İrəvana kursa yollanır. Bir müddətdən sonra isə ermənilər onları doğma ocaqlarından qovurlar.
1992-ci ilin fevral ayında hərbi-səhra hospitalı yaradıldığını eşidən tibb bacısı burada xidmətə başlayır. Vaqonlarda yerləşən hospital fevral ayının 25-də səhər-səhər Ağdam şəhərinə çatır. Həmin axşam ermənilər yüzlərlə insanı amansızcasına qətl edərək dünyanı sarsıdan Xocalı faciəsini törədirlər. Məleykəgil o gərgin günlərdə yüzlərlə Xocalı sakinini ölümün pəncəsindən xilas edirlər. Bir müddət sonra hospital vaqonlardan bu kənddəki məktəbə köçür. Çox keçmir ki, Kamandar da ürəyində intiqam hissi Qarabağa döyüşə gəlir. Həm cəsarətinə, həm də erməni dilini bildiyinə görə komandanlıq onu tez-tez kəşfiyyata göndərirmiş. Bir dəfə əməliyyata gedərkən təsadüfən qonşuları erməni Samvellə qarşılaşır. Uşaqlıq dostu onu tanısa da, Kamandar erməniyə yanılıdığını sübut edir. Çətin anlar yaşasa da, əməliyyatdan sağ-salamat dönür. 1992-ci ilin dekabrında şəhid olur…
Söhbətlərinə qulaq asdıqca Məleykə gözümdə daha da ucalırdı. Tibb bacısı zərif qadın ürəyində qardaşlarının intiqamını və doğma ocaqlarının nisgilini daşıyırdı. Daşnaklar onun ürəyinə çalın-çarpaz dağlar çəkmişdilər. Həm qardaşlarını öldürmüş, həm də doğma ocaqlarından qovmuşdular. Yaqubun, Səyyadın məzarlarının düşmən tapdağı altında qalması bu cəsur qızın ürəyini yandırıb-yaxırdı. Həmin anlarda düşünürdüm ki, Məleykə kişi qeyrətlidir, çiyinlərinə düşən ağrılar qəddini əyməz. Bəlkə də yanılırmışam. Görünür ki, dərd tibb bacısını içindən əridirmiş. Qəmli və qan qoxulu söhbətinə sonacan qulaq asandan sonra Məleykəyə xoş sözlərlə təskinlik verdim. Belə cəsarətli övlad böyütdüyünə görə ürəyimdə valideynlərinə min dəfə “əhsən” dedim.
Tibb bacısı ilə görüşümüzün üstündən illər karvanını sürüb keçmişdi. Günlərin birində tədbirdən redaksiyaya qayıdanda arxadan kiminsə məni çağırdığını eşitdim. Dönüb baxanda qarşımda Məleykəni gördüm. Köhnə tanışlar kimi görüşdük. Qısamüddətli məzuniyyətə gəldiyini dedi. Evlərinə dəvət edəndə işlərimin çox olduğunu bəhanə gətirib boyun qaçırmaq istədim. Amma təkidli xahişdən sonra tibb bacısının sözünü yerə sala bilmədim. İki-üç dəqiqədən sonra evlərinə çatdıq. Sən demə, yaşadıqları yerin yaxınlığında rastlaşmışıq. Dəhlizə ayaq qoyanda tibb bacısının anası Sona xala qarşılaşdım. Üç oğlunu ermənilər öldürmüş ana ilə mehribancasına görüşdüm. Sona xala hündürboy, ağbəniz, gözəl-göyçək, üz-gözündən nur yağan bir qadın idi. Onun danışığı da, hərəkəti də adama xoş təsir bağışlayırdı. Məleykə və Kamandar kimi cəsurların anası belə də olmalı idi. Doğma ocaqlarının həsrətini çəkə-çəkə erməniləri lənətləyən ana oğullarının nəşini gətirə bilmədiyindən təəssüflənərək: “Yəqin ki, ermənilər əzizlərimizin məzarlarını çoxdan dağıdıblar. Əgər qəfil qaçaqaç olmasaydı, uşaqlarımın nəşini də gətirərdim”, – deyirdi.
Məleykənin sözlərindən, hərəkətlərindən hiss edirdim ki, onun qanı vətənpərvərlikdən yoğrulub. Yurdu qoruyan oğullara qardaşları kimi baxırdı. Yaralılara qayğı ilə yanaşır, onların ağrılarını yüngülləşdirməyə çalışırdı.
Göstərdiyi cəsarətə, hünərə görə ölkə başçısının 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə Məleykə Əhmədovaya “Azərbaycan Bayrağı” ordeni verildi. Qardaşı Kamandar isə Qarabağ döyüşlərindəki sücaətinə görə (ölümündən sonra) “İgidliyə görə” medalına layiq görüldü. Kamandarın məzarı birinci, Məleykənin məzarı isə ikinci Şəhidlər xiyabanında olsa da ruhları bir yerdədir.
Son vaxtlar xəstələnmişdi, hospitalda yatırdı, vəziyyəti yaxşı deyildi. Sağalmaz xəstəliyə tutulduğunu özü də bilirdi. Günlər nərdivan kimi onu ömrünün sonuna aparırdı. İşlədiyi vaxtlarda neçə-neçə yaralıya, xəstəyə həyat vermiş Məleykənin özünün sağlamlıq durumu ağır idi. Tibb bacısının can üstə olan ömür karvanı sona yaxınlaşırdı, günəş qüruba əyilirdi.
Şair təbiətli Məleykənin qələmindən incə ruhlu şeirlər çıxmışdı, kitabları çap olunmuşdu. Tibb bacısı ömrünün son günlərində də yazıb-yaratmağından qalmırdı. “Xocalı şərqisi” onun son əsəri oldu. Məleykə xəstə yatdığı günlərdə başının üstündən üçrəngli bayrağımızı asmışdı. Son nəfəsində yaxınlarına belə bir vəsiyyət edib: “Ölümümdən sonra bu bayrağı saxlayarsınız. Torpaqlarımız azad olunandan sonra onu Qarabağın ən uca zirvəsindən asarsınız.” Gün gələcək ki, bayraqlarımız Qarabağda da dalğalanacaq. Onda Məleykənin də ruhu rahatlıq tapacaq…
Məzarının üstündə dayanıb sanki onunla danışıram: “Məleykə, məndən əvvəl də kimlərsə sənin ziyarətində olub, qəbrinin üstünə qərənfillər qoyub. Güllər hələ təravətini itirməyib. Mən də yanağımda göz yaşları əlimdəki çiçəkləri şəklinə baxa-baxa məzarının üstünə düzürəm. Nə qədər həyatda varıqsa, səni qəlbimizdə yaşadacağıq. Çünki sən kitablara sığmayan şərəfli bir ömür yaşamısan. Elə bir ömür ki, həmişə fəxr ediləsi və qürur duyulasıdır. Hüznlü baxışlarla məzar daşına yazılmış olum və ölüm tarixlərinə baxıram. 1 iyun 1957-ci ildə dünyaya göz açmışdın. Amansız ölüm səni 18 avqust 2006-cı ildə sıralarımızdan apardı. Göz açdığın bu dünyada 49 il yaşadın. İlıq yaz səhərində doğulmuşdun, qızmar yay gecəsində isə köçünü dünyadan sürüb getdin. Yaşasaydın indi doğmalarınla bir yerdə 62 yaşını qeyd edəcəkdin. Amma sənin ömür karvanın yaş təqviminin 49-cu pilləsində əbədi olaraq dayandı. Ömrün çətinliklərdən, əzablardan keçdi, qanlı-qadalı hadisələrin iştirakçısı oldun, heç vaxt rahatlıq görmədin. Dərdin çox olsa da o gül çöhrəndən təbəssüm əskilmirdi. Demə, dərd adamı güldürərmiş də! 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü doğulmuşdun. Bəlkə də elə buna görə sən o cür saf və təmiz idin. Sən səni tanıyanların yaddaşında da həmişə bax elə bu cür saf, təmiz və səmimi qalacaqsan…”
Vahid MƏHƏRRƏMOV