“Parabüzən” qısametrajlı filmin təqdimatı - FOTO - VİDEO
Təqdimatda əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Cavid Osmanovun aparıcılığı ilə keçirilən tədbirdə daha sonra film barədə məlumat verilib.
Bildirilib ki, “Parabüzən”nin ideyası “Report” İnformasiya Agentliyinə məxsusdur. Ekran əsəri “Global Media Group”un maliyyə və texniki dəstəyi ilə ərsəyə gəlib.
Filmin direktoru Fuad Hüseynəliyev, quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri İmdad Əlizadə, operatoru Ağa Nağıyev, montajçı Arzum Nuruşzadədir. Dron çəkilişlərini Ağa Nağıyev aparıb.
Kadrlar 19 nəfərin mühasirəyə düşdüyü yer – Kəlbəcərin Çaykənd kəndi, mühasirədə qaldıqları ərazi – Laçının Oğuldərə kəndi və mühasirəni yardıqları yer – Laçının Güləbird kəndində lentə alınıb.
Filmdə 19 nəfərin mühasirəyə düşməsi, 54 gün ərzində düşməndən necə gizlənməsi, mühasirədən hansı yolla çıxmasından bəhs olunur.
Filmin direktoru, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib ki, ekran işi Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin qətiyyəti, şəhidlərimizin qanı və qazilərimizin əzmi bahasına Qarabağın azad olunduğuna görə ərsəyə gələ bilib:
“Filmin çəkildiyi ərazilər hələ də işğal altında olsaydı, heç bir çəkiliş baş tutmazdı. Ona görə də torpaq uğrunda canlarından keçən şəhidlərin ruhu qarşısında baş əyir, qazilərimizə sağlamlıq diləyirəm. Bu mövzuda daha əvvəl də film çəkilmişdi, lakin o vaxt biz hadisələrin yaşandığı ərazilərə gedə bilməmişdik. Lakin artıq torpaqlarımız işğaldan azad edildikdən sonra biz mühasirədə qalmış şəxslərlə birlikdə hadisələrin yaşandığı ərazilərə gedərək, 29 il əvvəl baş verənləri sənədli filmə çevirdik”.
Filmin adının nə üçün “Parabüzən” olmasına isə filmin quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev aydınlıq gətirib. O deyib ki, parabüzənlə bağlı çox qəribə olsa da, təsadüfi və ya mistik hadisə baş verib: “Hər kəs mühasirəyə düşənlərin Kəlbəcər tərəfdən gələcəyini gözləsə də, mühasirədə olan Əli Əliyevin oğlu İmdad Əlizadənin uçurduğu parabüzən hər kəsin düşündüyünün əksinə tam fərqli istiqaməti göstərib. Bu, dəfələrlə belə davam edir. İlahi qüvvədir deyə düşünürəm. Hətta İmdad bir müddət parabüzəndən küsür, bu, özü də çox təsirli məqamdır. Nəticədə isə həqiqətən də mühasirədən qayıdan 19 nəfər məhz parabüzənin göstərdiyi istiqamətdən gəlib. Biz çalışdıq ki, bu filmdə 19 nəfərin 54 gün ərzində həyata tutulmasını, bir-birinə dəstək olmasını göstərək. 29 il sonra bizə bu ərazilərə yenidən qayıtmağı isə Ali Baş Komandanın tapşırığı altında Azərbaycan Ordusu yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.
Filmin prodüseri, “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə isə qeyd edib ki, filmdə əsas məqam ermənilərin istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində dinc sakinlərə qarşı törətdikləri zülmü ictimaiyyətə göstərməkdir:
“Bu filmin çəkilişlərinə 3 ay öncə başladıq. Film Kəlbəcər və Laçın rayonları ərazilərində lentə alınıb. Həmin yerlərə yenidən getmək, o hissləri yenidən yaşamaq çox başqa bir duyğudur. Bunu sözlə ifadə etmək çətindir. Bu ekran işi Ermənistanın Azərbaycana, mülki vətəndaşlara qarşı törətdiyi terror aktını, qeyri-insani davranışlarını, hərbi təcavüzünü göstərdiyi sənədli filmdir. Bu, heç bir ssenaristin, rejissorun təxəyyülünün məhsulu deyil, filmdə çəkilənlər də aktyorlar deyil. Bu film 19 nəfərin 54 gün ərzində erməni mühasirəsində nələr yaşamasından, necə həyatda qalmasından bəhs edir”.
Daha sonra 25 dəqiqəlik müddəti əhatə edən film nümayiş olunub.
Film alqışlarla qarşılanıb.
Daha sonra 54 gün mühasirədə qalmış şəxslərin bir qrupu səhnəyə çıxıb. Tədbir iştirakçıları onları alqışlarla qarşılayıb.
Təqdimatda çıxış edən Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib ki, Birinci Qarabağ müharibəsinin dəhşətlərinin beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından “Parabüzən” qısametrajlı sənədli filmi kimi ekran işlərinin xarici dillərə tərcümə olunaraq nümayiş etdirilməsinə böyük ehtiyac var:
“Azərbaycan mediası da məhz bu nümunələrdən istifadə edib, belə hekayələri tapıb onları daha geniş işıqlandırmaqla beynəlxalq ictimaiyyətə çatdırsa, məncə, Azərbaycanın haqq səsini dünyaya çatdırmış olar. Mediamız həmin dövrdə ölkə reallıqlarını Azərbaycan daxilində, eləcə də beynəlxalq arenada tanıtdırma missiyasını yerinə yetirdiyi kimi, bu gün də məhz “Global Media Group”un dəstəyi ilə filmin ərsəyə gəlməsi bu missiyanı şərəflə davam etdirmiş oldu. Düşünürük ki, belə hekayələrlə erməni vandallığının beynəlxalq ictimaiyyətə çatdırılmasına böyük ehtiyacımız var. İnanıram ki, bu kimi layihələr davamlı olacaq”.
MEDİA İcraçı direktoru öz çıxışında Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı azad edən ordumuza minnətdarlığını bildirib:
“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.
Milli Məclisdə Laçın rayonunu təmsil edən deputat Mahir Abbaszadə bildirib ki, “Parabüzən” filminə baxanda erməni zülmünü, mühasirədə qalan insanların ağrılarını və əzmini hiss etdik: “Bu gün 29 illik vətən həsrətinə son qoyulub, mühasirədə mübarizə aparan insanların torpağı artıq azaddır”.
O vurğulayıb ki, bu gün azad Qarabağa, Şərqi Zəngəzura azad şəkildə səfər edə, belə çəkilişlər apara bilirik:
“Əslində bir azərbaycanlı ailəsinin erməni ilə qarşılaşdığı və apardığı mübarizə bütövlükdə Azərbaycan xalqının nə qədər mübariz olduğunu nümayiş etdirmiş oldu. Hesab edirəm ki, belə filmlər çəkildikcə, digər xarici dillərə tərcümə olunduqca bizdən sonra gələn nəsillərin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni quldurlarının mülki azərbaycanlılara etdiyi zülm barədə geniş məlumatları olacaq. Eyni zamanda, bu gün düşmənimizi müdafiə edən qüvvələr bu ekran işinə baxaraq tutduqları əməllərdən utanmalıdırlar ki, erməni cəlladları azərbaycanlılara belə ağır faciələr yaşadıblar”, – deputat bildirib.
M.Abbaszadə söyləyib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və sərkərdəliyi, Azərbaycan Ordusunun gücü, şəhidlərin qanı, qazilərin canı hesabına və Azərbaycan xalqının mübarizəsi ilə torpaqlarımız işğaldan azad olunub:
“Filmdə izlədiyimiz bəzi şəxslər artıq dünyadan köçüb. Rəhmətə gedənlərin artıq ruhu şaddır ki, uğrunda mübarizə apardıqları torpaqlar düşmən tapdağından təmizlənib, bu gün azaddır və azərbaycanlılar, o cümlədən mühasirədə qalanların övladları dinc şəkildə gedib o yerləri ziyarət edirlər. Bizim ən böyük qələbəmiz bundan ibarətdir. Kəlbəcər və Laçını yaxşı tanıyan, orada doğulub böyüyən biri olaraq deyə bilərəm ki, bu gün həmin ərazilərdə çəkiliş aparmaq, heç bir şərait olmadan gecələmək olduqca çətindir və fədakarlıq tələb edir. Fədakarlıqdan savayı, gərək Vətənə sevgi də ola. Hesab edirəm ki, “Parabüzən” filminin çəkilməsinə səbəb də Vətən sevgisidir”.