Paşinyan orduya terroristləri gətirməyə çalışır – Deputat
“Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilməsi orduda nizam-intizamın və döyüş qabiliyyətinin olmadığının göstəricisidir”.
Bunu Rakus.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Ermənistan bu yolla könüllülərin orduya cəlb olunmasına çalışmaqla işğalçı dəstələrini gücləndirmək fikrindədir: “Çünki ölkə daxilində baş verən siyasi proseslər Paşinyanın nüfuzunun getdikcə itdiyini və hakimiyyətdə qalmaq üçün çıxış yolunu orduya arxalamaqda görür. Ermənistanın əvvəlki prezidentlərinin iş təcrübəsindən bəllidir ki, hakimiyyəti saxlamaq yolu ordunun gücünə arxalanmaqdır. Paşinyan da bu məqsədlə orduya könüllülər adı altında terroristləri gətirmək və özünü siyasi rəqiblərindən qorumaq fikrindədir”.
A.Hüseynov bildirib ki, Ermənistan ordusunda məcburiyyət qarşısında xidmət edən əsgərlərin mütəmadi olaraq fərarilik etməsi, bir-birini vurması orduda intizamın olmadığının məntiqi nəticəsidir: “Bununla yanaşı gənclərin orduya getməməsi üçün müxtəlif yollarla xarici ölkələrə qaçması Ermənistanın son illər qarşılaşdığı növbəti problemlərdən birinə çevrilib. Bu məqsədlə də mövcud qanunvericiliyə dəyişikliklər etməklə Paşinyan orduda islahatlar aparmaq adı ilə bir tərəfdən hakimiyyətini qorumaq üçün vaxt qazanmağa çalışır, digər tərəfdən isə ordunu siyasi oyunlarının qurbanı etmək və rəqiblərinə qarşı yönəltmək fikrindədir”.
Deputat qeyd etdi ki, Ermənistanda müdafiə haqqında qanunda ediləcək dəyişiklər öz-özlüyündə ölkədə ciddi problemlər yaradacaq: “Çünki Paşinyanın ordudan siyasi məqsədlər naminə istifadə etməsi mümkünsüz olacaq. Digər tərəfdən orduda könüllülərin saxlanılması maddi cəhətdən də ağır olacaq. İndiki halda orduya əlavə maliyyə vəsaitinin ayrılması isə Ermənistan büdcəsi ilə tərs mütənasibdir”.
Deputat bildirdi ki, bütün bunlar isə Ermənistan ordusunun getdikcə daha da zəifləyəcəyini və Azərbaycan ordusu qarşısında acız qalacağı ilə nəticələnəcək.