Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə Azərbaycan və erməni diasporları arasındakı münaqişələrin qarşısının alınması məsələsini müzakirə etdiyini bildirib.
Rakus.az xəbər verir ki, P. Bülbüloğlu bu barədə jurnalistlərə açıqlama verib.
“Biz Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovla görüşdük. Bilirəm ki, bu gün onlar mənim erməni həmkarlarımla da görüşüblər. Məni dəvət edərək Rusiyada yaşayan və bizim əlaqədə olduğumuz diaspor nümayəndələri ilə iş aparmağımızı istədilər. İnzibati orqanların xahişi Dağlıq Qarabağdakı münaqişənin alovlanması ilə əlaqədar iyul ayında baş verən hadisələrin təkrarlanmaması ilə əlaqədar idi”, deyə azərbaycanlı diplomat bildirib.
P. Bülbüloğlu Rusiya tərəfinin xəbərdarlığını anlayışla qəbul etdiklərini və bunun doğru olduğunu qeyd edib: “Təbii olaraq, Rusiya ərazisində əvvəl baş vermiş konfliktlərin təkrarlanmaması üçün əlimizdən gələn hər şeyi etməyə çalışacağıq”.