Qazaxıstanda ölənlərin sayı 10-a çatdı
Qazaxıstanın Cambul vilayətinin Korday rayonunda iğtişaşlarda ölənlərin sayı 10 nəfərə çatıb.
Rakus.az xəbər verir ki, bu barədə “Xabar 24” telekanalı məlumat yayıb.
Bundan əvvəl fevralın 8-nə keçən gecə baş vermiş iğtişaşlarda 8 nəfərin öldüyü açıqlanmışdı. Səhiyyə nazirinin müavini Kamaljan Nadırov dünən verdiyi açıqlamada xəstəxanalarda 37 nəfərin olduğunu bildirmişdi.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev münaqişənin böyüməsinə görə cavabdeh olan təxribatçıların məsuliyyətə cəlb ediləcəklərini, faciənin baş verməsinin qarşısını ala bilməyən dövlət orqanlarının əməkdaşlarının cəzalandırılacağını söyləyib.
Prezident zərərçəkənlərə yardım göstəriləcəyini söyləyib və həmvətənlərinə məsuliyyətli vətəndaş mövqelərini ortaya qoyduqlarına görə təşəkkürünü bildirib.